
Bakı. Trend:
Dünən Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası
keçirilib.
Trend-in
tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, filmin
nümayişindən sonra keçirilən mərasim rəmzi və qürurverici anlarla
yadda qalıb.
Tədbirin sonunda “İndi isə səhnəyə bizim qəhrəmanları dəvət
edirik” elanı səsləndirilib. Həmin anda zalda filmin aktyor və
yaradıcı heyətinin səhnəyə çıxacağı gözlənilsə də, səhnəyə Vətən
müharibəsi şəhidlərinin anaları dəvət olunublar.
Bu an mərasim iştirakçıları üçün duyğusal və yaddaqalan
məqamlardan biri olub.
Xatırladaq ki, “44” bədii filmi 44 günlük Vətən müharibəsinə
həsr olunub. Filmin ssenari müəllifi Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov, rejissorları İsmayıl Səfərəli və Maksim
Smetanadır. Baş rollarda İbrahim Çingiz və türkiyəli aktrisa Özge
Gürel çəkiliblər. Ekran əsəri Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal
olunub.

