
Bakı. Trend:
2022-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində
dotasiyanın ümumi həcmi 425,0 milyon manat idisə, 2023-cü ildə bu
həcm 315,0 milyon manat, 2024-cü ildə isə 185,2 milyon manat
səviyyəsində olub. Ümumilikdə, 2022–2024-cü illər dövründə Naxçıvan
Muxtar Respublikasının büdcəsində dotasiyanın həcmi 239,9 milyon
manat və ya 56,4 faiz azalıb. Bu dinamika sadəcə riyazi-statistik
göstərici deyil, həm də regionun fiskal müstəqilliyinin artdığını,
iqtisadi potensialının genişləndiyini və yerli gəlirlərin büdcə
sistemindəki rolunun əhəmiyyətli dərəcədə gücləndiyini nümayiş
etdirir.
Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, dotasiyanın azalması ilə paralel
olaraq, yerli maliyyə mənbələrinin səfərbərliyi, vergi
inzibatçılığının təkmilləşdirilməsi və maliyyə idarəçiliyinin
səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirilən
tədbirlər öz real nəticələrini göstərməkdədir. Nəticə etibarilə,
2022–2024-cü illər üzrə müşahidə edilən bu tendensiya Naxçıvan
Muxtar Respublikasında büdcə sisteminin daha dayanıqlı, balanslı və
institusional baxımdan müstəqil əsaslar üzərində formalaşacağına
dair güclü iqtisadi və idarəetmə əsasları yaradır.
“2025-ci ilin ilk doqquz ayı üzrə göstəricilər Naxçıvan Muxtar
Respublikasının maliyyə müstəqilliyinin güclənməsi baxımından
xüsusilə diqqətəlayiqdir. Qeyd edilən dövrdə muxtar respublika
büdcəsinin gəlirləri 325 milyon 559 min 140 manat həcmində olub ki,
bunun da 205 milyon 559 min 140 manatı və ya 63,1 faizi yerli
yığımlar hesabına formalaşıb. Dotasiyanın həcmi isə 120 milyon
manat və ya 36,9 faiz təşkil edib ki, bu da 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə (170 milyon 150 min manat) 50 milyon 150 min
manat və ya 29,5 faiz azalma deməkdir. Bu azalma tendensiyası,
muxtar respublikanın büdcə gəlirlərinin tədricən daxili maliyyə
mənbələri hesabına formalaşmağa başladığını göstərir. Yerli gəlir
bazasının genişlənməsi, vergi və qeyri-vergi daxilolmalarının
artması, eləcə də fiskal intizamın gücləndirilməsi Naxçıvanın
büdcəsinin getdikcə daha çox öz resursları hesabına təmin
olunmasına imkan verir”-deyə Maliyyə Nazirliyindən bildirilib.

