
Bakı. Trend:
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT)
institusional gücləndirilməsi, eləcə də fəaliyyət istiqamətlərinin
genişləndirilməsi müzakirə edilib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad
İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyanın rəhbərliyi, ona üzv
olan və digər bank olmayan kredit təşkilatlarının rəhbər heyəti ilə
görüşüb.
Görüş iştirakçılarına cari ilin doqquz ayı üzrə bank olmayan
kredit təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri, requlyativ
çərçivənin təkmilləşdirilməsi, eləcə də sektorun sağlamlaşdırılması
istiqamətində görülmüş işlər barədə məlumat verilib. Əlavə olaraq
maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə
əməkdaşlıq, təşkilatların regionlarda, eləcə də işğaldan azad
olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət
perspektivləri, qanunvericiliyin tələbləri və digər məsələlər
ətraflı müzakirə edilib.
Görüşdə həmçinin Mərkəzi Bank tərəfindən bank olmayan kredit
təşkilatlarının institusional gücləndirilməsi, eləcə də fəaliyyət
istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin
olunması çərçivəsində növbəti dövrdə görüləcək işlərə dair məlumat
təqdim olunub.

