
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında ilk dəfə olaraq
“Açıq bankçılıq” funksionallığının tətbiqinə başlayıb.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə
xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni
innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da
ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində
tədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanın
fəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıq
bankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi
müəyyən edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən “Açıq
bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki
platforma hazırlanıb.
Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya
inteqrasiyası işləri davam etdirilib. Hazırda 6 kommersiya bankı
inteqrasiyanın yekun mərhələsindədir, aşağıda qeyd olunan 13
kommersiya bankı – “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AFB
Bankı” ASC “Azərbaycan Sənaye Bankı” ASC (ASB), “Azər Türk Bank”
ASC (ATB), “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital
Bank” ASC, “TuranBank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Yelo
Bank” ASC, “BANK VTB (Azərbaycan)” ASC, “Premium Bank” ASC və “Xalq
Bank” ASC inteqrasiya işlərini tam yekunlaşdırıb.
Bundan əlavə, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Turan Bank”
ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiqlər vasitəsilə öz
müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank
müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan
hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları
vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.
Cari ilin sonunadək “Açıq bankçılıq” platformasının əhatə
dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş
təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya
qoşulacağı nəzərdə tutulur.
Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası və
maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını
təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir
və maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə
sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabətyönümlülüyü
artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa,
müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq
olunurlar.
Beləliklə, “Açıq bankçılıq” yanaşmasının ölkəmizdə tətbiqi
maliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıq
məhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühüm
töhfə verəcəkdir.
“Açıq bankçılıq” yanaşması haqqında daha ətraflı məlumatla link
vasitəsilə tanış olmaq olar:

