Bakı. Trend:
ABŞ Quru Qoşunları naziri Daniel Driskoll Pentaqonun rəhbəri Pit
Heqsetlə bir neçə ay davam edən fikir ayrılıqlarından sonra
vəzifəsindən istefa ərizəsi verib. Bu barədə The Wall Street
Journal qəzeti yazıb.
Qəzetin məlumatına görə, Driskoll artıq yaxın günlərdə Pentaqonu
tərk edəcək.
“Daniel Driskoll prezident [ABŞ Prezidenti Donald] Trampın
gündəliyinin həyata keçirilməsində son dərəcə effektiv olub, tarixi
hərbi əməliyyatlar zamanı müstəsna liderlik keyfiyyətləri nümayiş
etdirib, [Quru Qoşunlarının] döyüş hazırlığına və zərbə imkanlarına
diqqəti bərpa edib, Rusiya ilə Ukrayna arasında danışıqlara kömək
göstərib. Onun Ali Baş Komandan və müdafiə naziri ilə birlikdə
gördüyü işlər sayəsində ABŞ Quru Qoşunları hazırda heç vaxt
olmadığı qədər güclüdür”, — nəşr Ağ Evin nümayəndəsi Anna Kellinin
sözlərini sitat gətirib.
2025-ci ilin noyabrında Tramp Driskollu Ukraynada münaqişənin
nizamlanması üzrə nümayəndə heyətinin tərkibinə daxil edib. 2026-cı
ilin fevralında isə o, Cenevrədə Moskva, Kiyev və Vaşinqton
arasında keçirilən üçtərəfli danışıqlarda iştirak edib.
NBC News telekanalı daha əvvəl mənbələrə istinadən bildirmişdi
ki, Driskoll bu ilin sentyabrında vəzifəsini tərk etmək istəyir,
lakin Tramp administrasiyası onun ən azı ilin sonunadək ABŞ Quru
Qoşunları naziri vəzifəsində qalmasını istəyib.
Öz növbəsində, The Hill qəzeti xəbər verib ki, Heqset bu
vəzifəyə ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnelli təyin
etmək imkanını nəzərdən keçirir.

