Arzusu çin olmayan 27 sentyabr şəhidimiz – Sonuncu zəngdə atasına nələr deyib?

Baş səhifə

Sentyabrın 27-si… Vətən sevgisi ilə alışıb sinəsini irəli verən o oğullar üçün bu tarix ömrün sonu deyil, əbədiyyətə qovuşduğu unudulmaz bir başlanğıcdır.

Həmin oğullar sırasında Toğrul Abbasov da var idi. O, müharibənin ilk anlarında qabaqda oldu, öndə getdi.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Toğrulun atası Bayram bəy Modern.az-a oğlunun qəhrəmanlığından danışıb:

“Anasını kiçik yaşda itirmişdi. Həmişə mənə yoldaş, dəstək olardı. Toğrul haqqında həmişə deyirdilər ki, maşallah ağıllı, kamallı uşaqdır. Mən onunla uşaqlıqdan fəxr etmişəm. O qədər ağıllı idi ki, böyüklərin də yanında hörmət qazanmışdı”.

Atası Toğrulun uşaqlığından danışarkən xüsusilə vurğulayır ki, Toğrul torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi. O, uşaqlıqdan çox igid, mərd, cəsur bir oğul olub:

“Hərbi xidmətini başa vurub gələndən sonra evləndi, işlədi. 5 ay idi işləyirdi, gəldi mənə dedi ki, “ata, mən burda qalmaq istəmirəm. Torpaqlarımız işğal altındadır. Mən orduda çalışacam. Gün gələcək, torpaqları alacağıq, bu xəbəri də özüm sənə verəcəm”.

Ancaq Toğrulun şəhadətə ucalma xəbəri atasına gəlib çatdı. Qələbə qazanıldı, torpaqlar işğaldan azad olundu, Toğrulun arzusu reallaşdı. Ancaq bir fərqlə… Bu xəbəri atasına özü çatdıra bilmədi. Xəbəri çatdıra bilməsə də, vətən yolunda 44 günlük şücaətin ilk səhifəsində adını tarixə yazdı.

“26-sı axşamı Toğrul zəng elədi. “Ata, biz qabağa gedirik. İnşallah torpaqları alacağıq. Mənə görə məyus olma, özünüzə yaxşı baxın. Allah amanında”.

Bu bizim son danışığımız oldu. 27-si icradan gəlib məlumat verdilər. Oğlum şəhid olmuşdu. Bir anlıq elə bildim qolum-qanadım sındı. Bir ata olaraq Toğrul kimi oğulu itirmək dünyamı qaraltdı. Amma mən fəxr eləyirəm, mənim oğlum vətən yolunda, torpaqların azad olması uğrunda şəhid olub, vətən sağ olsun”.

Hər il sentyabrın 27-si qəlbində eyni acı, eyni sızı. Toğrul uşaqlıq arzusunu şəxsən özü reallaşdırdı. O torpaqlarda vuruşdu. Ancaq azad olunan torpaqlarımızda şad, firavan gəzmək nəsib olmadı.

Toğrul Abbasov, uşaqlıqdan azad görmək istədiyin torpaqlar sənin kimi oğullar sayəsində azaddır. Gələcək nəsillərə miras qoyduğunuz bu şücaətli tarixi yaşatmaq hamımızın borcudur.

44 səhifəlik kitabın ilk səhifəsindəki qəhrəman, ruhun şad olsun!