
Bakı. Trend:
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində xüsusi
mənəvi və tarixi əhəmiyyət daşıyan gündür. Bu tarix Vətənimizin
ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman
övladlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyi, eyni
zamanda xalqımızın birliyinin, iradəsinin və Vətən sevgisinin bir
daha nümayiş olunduğu gündür.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq
Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam
edən Vətən müharibəsinə çevrildi: “Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq
göstərərək uzun illər işğal altında qalmış torpaqlarımızı azad
etdi. Azərbaycan xalqı həmin günlərdə Ordumuzun ətrafında sıx
birləşərək dünyaya sarsılmaz həmrəylik nümunəsi göstərdi.
Vətən müharibəsində əldə edilən tarixi Qələbənin arxasında
Azərbaycan əsgərinin şücaəti, zabitlərimizin peşəkarlığı,
xalqımızın milli iradəsi və ən əsası, Vətən uğrunda həyatını fəda
edən şəhidlərimizin qəhrəmanlığı dayanır. Buna görə də biz bu
Qələbədən danışarkən onun hansı böyük fədakarlıqlar hesabına əldə
edildiyini heç vaxt unutmamalıyıq.
Şəhidlərimizin hər biri Azərbaycanın qəhrəmanlıq tarixində əbədi
yaşayacaq. Onlar yalnız torpaqlarımızın azadlığı uğrunda
döyüşmədilər, gələcək nəsillərə qalib və güclü Azərbaycan miras
qoydular. Bu gün azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının
dalğalanması onların Vətən qarşısında misilsiz xidmətinin
nəticəsidir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2
dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-nin Azərbaycan
Respublikasında Anım Günü kimi təsis edilməsi də şəhidlərimizin
xatirəsinə dövlət səviyyəsində göstərilən sonsuz ehtiramın
ifadəsidir: “Hər il bu tarixdə bütün Azərbaycan şəhidlərimizin
qarşısında baş əyir, onların qəhrəmanlığını və Vətən qarşısındakı
xidmətlərini minnətdarlıqla xatırlayır.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərimizin yanında
olmağı özünün mühüm vəzifələrindən biri hesab edir. Şəhidlərimizin
xatirəsinin əbədiləşdirilməsi, qazilərimizin sosial müdafiəsinin
gücləndirilməsi, onların müalicə və reabilitasiyası istiqamətində
həyata keçirilən tədbirlər dövlətimizin bu məsələyə verdiyi yüksək
önəmin göstəricisidir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı
quruculuq və bərpa işləri, insanların öz doğma yurdlarına qayıtması
da uğrunda mübarizə apardığımız böyük məqsədlərin həyata keçməsinin
təzahürüdür. Vaxtilə işğal altında olan torpaqlarda indi yeni
yollar, yaşayış məntəqələri və sosial infrastruktur yaradılır,
həyat yenidən canlanır.
27 Sentyabr həm kədər, həm qürur, həm də milli yaddaş günüdür.
Biz şəhidlərimizin əziz xatirəsini daim yaşatmalı, onların Vətənə
sədaqətini gələcək nəsillərə örnək göstərməliyik. Çünki bugünkü
güclü və qalib Azərbaycanın tarixində onların əvəzsiz payı
vardır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi
Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.

