FHN silsilə maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən
fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin
maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in
Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda
Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə
Bakı Regional Mərkəzi (RM) tərəfindən Nərimanov rayonunda yerləşən
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Nəsimi rayonu Kliniki Tibbi
Mərkəzdə, Xətai, Suraxanı və Qaradağ rayon ərazilərində fəaliyyət
göstərən din xadimləri üçün, Şimal RM tərəfindən Xaçmaz Rayon İcra
Hakimiyyəti başçısının Nabran kənd İnzibati ərazi dairəsi üzrə
nümayəndəliyində, Gəncə RM tərəfindən Gəncə Şəhər Sukanal
İdarəsində, Cənub RM tərəfindən Astara Rayon İcra Hakimiyyətinin
Kakalos kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM
tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd
İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Mingəçevir şəhər 4
nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb RM tərəfindən
Qəbələ Dəmiryol Stansiyasında və Qəbələ rayonu Dızaxlı kənd uşaq
bağçasında, Qarabağ RM tərəfindən Bərdə şəhər 10 nömrəli körpələr
evi-uşaq baxçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və
texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış
qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi
olub.




Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün
xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə
bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib,
FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin
yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə
nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı
cavablandırılıb.