
Bakı. Trend:
Tarix azərbaycan xalqının ənənələrə dayanan dövlətçilik
fəlsəfəsinin, “hakimiyyət mikrofizikası”nınhaqqını verdi. 21-ci
əsrdə dünya xəritəsinə baxın: inqilablar, çevrilişlər, vətəndaş
müharibələri, dağılan dövlətlər… Gürcüstan, Ukrayna, Qırğızıstan,
Ərəb dünyası, Sudan… Hamısının ortaq dərdi bir oldu: hakimiyyət
varisliyi böhranı. Amma bir ölkə var ki, 30 ildə nəinki dağılmadı,
əksinə, xaosdan qüdrətə, işğaldan zəfərə, yoxsulluqdan rifaha yol
getdi. O ölkə Azərbaycandır. Bəs sirr nədədir? Cavab aydındır:
Ümummilli Lider Heydər Əliyevin tarixi ənənələrə və dövlətçilik
təcrübəsinə dayanan uzaqgörənliyi və Prezident İlham Əliyevin
qətiyyəti ilə formalaşan müdrik siyasi varislik modeli. Bu, təkcə
bir soyadın yox, bir millətin taleyini müəyyənləşdirən
düsturdur.
Dünya siyasət tarixi bir həqiqəti dəfələrlə sınaqdan keçirib:
dövlətləri ayaqda tutan, inkişafına zəmin olan təkcə dövlətçilik
fəlsəfəsində “Yaradılış kitabı” statusu daşıyan konstitusiya deyil,
davamlılıqdır. İsbatı tarix kitablarında çoxdan möhürlənib. Roma
imperiyasını Mark Avreli-Kommod hakimiyyət tranziti yıxdı. Osmanlı
36 padşahla 600 il yaşadı, çünki “sülalə-intizam-varislik”
üçbucağını qorudu. XXI əsrdə isə “inqilab idxalı” erasında varislik
böhranı dövlətin süqutu deməkdir. Ukrayna, Liviya, Sudan təcrübəsi
bunun əyani sübutudur.
Azərbaycan bu qlobal xaosda fərqləndi. Çünki bizdə varislik 3000
illik dövlətçilik ənənəsinin müasir proeksiyasıdır. Bu ənənəyə
yaşam statusu qazandıran Ümummilli lider Heydər Əliyev, onun Zəfərə
aparan davamçısı isə Prezident İlham Əliyevdir.
Azərbaycan xalqının identikliyini – milli kimliyini ehtiva edən
əsas faktorlardan biri də siyasi varislik prinsipidir.
Sacilər – 898-941. İlk mərkəzləşmiş Azərbaycan dövləti. IX əsrdə
Əbu Sac Divdad tərəfindən əsası qoyulan Sacilər dövləti onun
varisləri Məhəmməd ibn Əbu Sac və Yusif ibn Əbu Sac dövründə daha
da möhkəmlənmiş, regional güc mərkəzinə çevrilmişdir. Bu,
hakimiyyətin yalnız ötürülməsi deyil, eləcə də siyasi xəttin
inkişaf etdirilməsi nümunəsi idi. Bu nümunədə hakimiyyətin
ötürülməsi ilə bərabər “dəmir intizam” xətti də ötürüldü. Nəticədə
60 il sabitlik oldu.
Atabəylər – 1136-1225. XII əsrdə Şəmsəddin Eldəniz tərəfindən
qurulan dövlət onun oğulları Məhəmməd Cahan Pəhləvan və Qızıl
Arslan hakimiyyəti dövründə ən qüdrətli mərhələsinə çatdı.
Həmədəndan Tiflisədək vahid iqtisadi məkan yaradıldı. Varislər
atanın kölgəsi olmadı, işini davam etdirdilər. Cahan Pəhləvan 20
ildə dövlətin ərazisini dəfələrlə böyütdü.
Səfəvilər – 1501-1736. XVI əsrdə I Şah İsmayıl tərəfindən
yaradılan Səfəvi dövləti isə varisliyin strateji əhəmiyyətini daha
parlaq nümayiş etdirdi. Onun varisi I Şah Təhmasib uzunmüddətli
hakimiyyəti dövründə mərkəzləşmiş dövlət quruculuğunu tamamladı,
siyasi gedişləri ilə osmanlı təhlükəsini neytrallaşdırdı, dövləti
regional imperiya səviyyəsinə yüksəltdi. Bu tarixi təcrübədən çıxan
dərs odur ki, güclü qurucu liderin güclü varisi olanda dövlət
dayanıqlı olur, varislik zənciri qırılan yerdə isə dövlət
çökür.
Beləliklə, tarixi təcrübə göstərir ki, Azərbaycanda varislik
yalnız hakimiyyətin ötürülməsi deyil, eyni zamanda strateji
dövlətçilik xəttinin davam və inkişaf etdirilməsi vasitəsi olub.
Yəni, Azərbaycanda varislik heç zaman “taxt davası” olmayıb.
Varislik bir dövlətçilik məktəbidir və atadan oğula keçən “qılınc”
yox, “dövlətçilik təfəkkürü”, “idarəetmə fəlsəfəsi”, “strateji
xətt”dir. Bu genetik kodu XXI əsrdə Heydər Əliyev yenidən işlək
mexanizmə çevirdi. Müasir Azərbaycan dövlətçiliyində varislik
institutu yeni məzmun qazanaraq institusional və strateji xarakter
aldı.
XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ilə yaranmış
siyasi qeyri-sabitlik şəraitində güclü liderlik və davamlı
idarəetmə modelinə ehtiyac yarandı. XX əsrin 90-cı illəri. SSRİ
dağılıb. Azərbaycan xəritədə var, amma dövlət kimi taleyi
qaranlıqdır: vətəndaş müharibəsi, 1 milyon qaçqın və məcburi
köçkün, boş xəzinə, torpaqların 20 faizi işğal altında. Bu xaosda
millət bir adın, bir şəxsiyyətin kölgəsinə sığındı: Heydər Əliyev.
Ulu Öndər Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinə ikinci şans
və yeni nəfəs verdi: müharibəni dayandırdı, müasir Azərbaycanın
bünövrəsini qoydu və inkişaf startegiyasının konturlarını cızdı,
“Əsrin müqaviləsi” ilə ölkənin adını dünyanın enerji xəritəsinə
yazdı, gələcək nəsillər üçün sığorta rolunu oynayacaq Dövlət Neft
Fondunu yaratdı, balanslı xarici siyasətin örnək təcrübəsini
formalaşdırdı. Ancaq Ulu Öndərin ən böyük xidməti dövləti
şəxsiyyətə bağlı olmaqdan qurtarıb sistemə bağlaması oldu. O
qurduğu dövlətin əbədi olması üçün dayanıqlı zəmin formalaşdırdı.
Heydər Əliyev yalnız böhranı aradan qaldıran lider deyil, həm də
davamlı dövlətçilik modelinin müəllifi kimi çıxış etdi. Bunun üçün
“Mən əbəbdi deyiləm. Dövlət əbədi olmalıdır” prizmasından çıxış
edərək, 1993-cü ildən başlayaraq gələcəyin liderini hazırladı. Bu,
emosional “ata-oğul” məsələsi deyildi, strateji dövlət qərarı idi.
Ulu Öndər bir həqiqəti hamıdan yaxşı bilirdi: “Dövlət şəxslərdən
asılı olmamalıdır. Sabahı da düşünmək lazımdır.”
Məhz buna görə 1993-dən etibarən gələcəyi qurmağa başladı.
2003-cü il… Ümummilli Liderin səhhəti ilə bağlı narahat
xəbərlər gəlirdi. Düşmənlərimiz sevinirdi: “Əliyev getsə,
Azərbaycan dağılacaq”. Qərb mətbuatı “varislik böhranı”
proqnozlarını verirdi. Milli məqsədləri olmayan müxalifət
meydanlara çıxıb “hakimiyyətin sonu” şüarını qışqırırdı. Amma onlar
bu proqnoz və ssenarilərin iflasını gətirəcək vacib nüansı hesaba
almamışdılar: Heydər Əliyev məktəbini. Ulu Öndər illər öncədən
yetişdirdiyi, xalqa tanıtdığı, dövlət idarəçiliyinin bütün
pillələrindən keçirdiyi lideri – İlham Əliyevi xalqa əmanət etdi.
Qeyd etmək lazımdır ki, post-sovet məkanında siyasi varislik
müxtəlif formalarda həyata keçirilib. Bu ölkələrin əksəriyyətində
proses qeyri-sabitlik və siyasi böhranla müşayiət olunub.
Azərbaycanda müşahidə edilən idarə olunan və mərhələli keçid əsasən
əvəz olunan və əvəzləyən siyasi liderlərn strateji planlaşdırma
qabiliyyəti ilə izah olunur.
Heydər Əliyevin varis seçimini şərtləndirən beş tarixi arqumentə
diqqət yetirək. Tarix bu seçimin kökündə birmənalı şəkildə
dövlətçilik səriştəsinin olduğunu təsdiqlədi. Heydər Əliyev kimi
geniş dünyagörüşünə malik liderin unikal idarə olunan hakimiyyət
tranziti modeli əslində qlobal miqyasda yeni “siyasi varislik və
milli təhlükəsizlik” indeksinin yaranması üçün əsas verir və 5
sütuna dayanır.
“Real şəraitdə sınaq” prinsipi – 10 illik təcrübə: 1994-cü ildə
Milli Məclisin deputatı, 1997 – SOCAR-ın Birinci vitse-prezidenti,
2001 – AŞPA-da nümayəndə heyətinin rəhbəri, 2001 – YAP sədrinin
müavini, 2003 – Baş nazir. Dünya təcrübəsində Li Kuan Yu oğlu Li
Syan Lunu 20 il nazir müavini, nazir, baş nazirin müavini
vəzifələrində sınadı. Nəticə etibarilə “Sinqapur möcüzəsi”ni o
davam etdirdi. Heydər Əliyev siyasəti daha az vaxta və daha
nəzərəçarpan dinamika ilə daha miqyaslı hədəflərə çatdı.
“Beynəlxalq legitimlik testi”. 1997-2003-cü illərdə İlham Əliyev
SOCAR-da “Əsrin müqaviləsi”ni icra edən əsas fiqur oldu. Dünyanın
enerji nəhəngləri ilə danışıqlar masasında oturdu. AŞPA
tribunasından Azərbaycanın səsini dünyaya çatdırdı, Azərbaycan
həqiqətlərini tirajladı. 2003-cü ildə o, artıq dünya siyasi
elitasının qəbul etdiyi, ciddi siyasi “netvork”a malik tanınmış
fiqur idi. Bu tanınmışlıq olmasaydı, neft kontraktlarının,
investisiyaların aqibəti bəlli olmazdı.
“Siyasi elita konsensusu” amili. 2003-cü ildə həm köhnə
qvardiya, həm də yeni texnokratlar İlham Əliyevin ətrafında
birləşdi. Çünki hamı əmin idi ki, o, “kadr qırğını” etməyəcək,
dövlətin gələcəyi və siyasi, iqtisadi, hərbi prioritetləri naminə
sabitliyi qoruyacaq. Bu, vətəndaş müharibəsinin qarşısını aldı.
“İdeoloji davamlılıq” zərurəti. Heydər Əliyevin 3 qırmızı xətti
vardı: müstəqillik, ərazi bütövlüyü və dünyəvi dövlət. Bu xətti
ancaq onun məktəbini keçən, onunla çiyin-çiyinə çalışan,
dövlətçilik ideologiyasının daşıyıcısı olan varis davam etdirə
bilərdi. 90-cı illərin əvvəlindəki kimi qonşular və Qərblə
düşmənçilik siyasəti dövləti ikinci dəfə uçuruma sürükləyə,
başladılan islahatları yarıçıq qoya bilərdi.
“Tarixi missiya” faktoru-Qarabağ. Dahi Öndər bilirdi ki,
Qarabağı qaytarmaq üçün uzunmüddətli hazırlıq planı şərtdir: ordu
quruculuğu, iqtisadiyyat, diplomatiya, informasiya müharibəsi. Bu
plan yarımçıq qala bilməzdi. İlham Əliyev 2003-cü ildə ərazi
bütövlüyünü qoruyacağına and içdi, 2020, 2023-cü illərdə sözünü
tutdu. Azərbaycanda varislik “mənfəət” üçün yox, “Vətən” üçün oldu.
Müqayisə üçün: Ukraynada 2004-də “Narıncı inqilab”, 2014-də
“Maydan”, nəticədə – müharibə, torpaq itkisi. Gürcüstanda 2003-də
“Qızılgül inqilabı”, nəticədə – 2008-ci il müharibəsi, Abxaziya və
Osetiya itirildi. Qırğızıstanda 3 inqilab, nəticədə – xaos.
Azərbaycanda isə: Varislik – Sabitlik – İnkişaf – Zəfər.
Gəlinən ən vacib qənaət ondan ibarətdir ki, Heydər Əliyevin
seçimi “ata sevgisi”ndən yox , “dövlət ağlı”ndan irəli gəlirdi.
Tarix onu haqlı çıxardı. Düzgün lider seçiminin nəticəsi olaraq,
Azərbaycanda İlham Əliyev erası Zəfər fəlsəfəsinin taclanması ilə
tarixə həkk oldu.
Prezident İlham Əliyev Heydər Əliyev strategiyasını taktikaya
çevirdi
Tarix varisliyin Azərbaycan modelinin yalnız formal yox,
funksional effektivliyinin təsdiqidir. Dövlətin strateji qərarvermə
qabiliyyəti, milli birliyin təmin olunması və hərbi-siyasi
koordinasiya bu modelin praktik nəticələri kimi qiymətləndirilə
bilər. Əgər 2003-cü ildə varislik böhranı olsaydı, heç şübhəsiz,
ordu yox, iqtisadiyyat yox, Zəfər də mümkünsüz idi.
Bu baxımdan Azərbaycanda gələcək perspektiv üçün varislik artıq
fəlsəfədir. 2016-cı il referendumundan sonra Azərbaycanda varislik
modeli şəxsi mərhələdən institusional mərhələyə keçib. Əslində
Birinci vitse-prezident postu bu modelin və dövlətin gələcəyinin
konstitusion sığortasıdır. Artıq institusional dərinləşmə və
rəqəmsal dövlət strategiyası varislik qərarlarının şəxsi
intuisiyadan elmi alqoritmə keçidinin göstəricisidir. Görünən odur
ki, sabahın qərarlarını alqoritmlər də dəstəkləyəcək və subyektiv
səhv sıfırlanacaq. Yeni varislik “kim gələ bilər” sualı ilə deyil,
hansı sistem işləyəcək sualı ilə müşaiyət olunacaq. Heydər Əliyev
bu sistemi qurdu, İlham Əliyev Zəfər və iqtisadi, siyasi
sıçrayışlarla taclandırdı. Növbəti nəsil isə uğura hədəflənən bu
sistemi rəqəmsal eraya daşıyacaq..
Beləliklə, Azərbaycan gerçıkliyində varislik keçmişin mirası,
gələcəyin zəmanətidir. Sacilərdən Atabəylərə, Səfəvilərdən müasir
Azərbaycana – Azərbaycan dövlətçiliyinin bir qırmızı xətti var:
güclü lider üstəgəl müdrik varislik bərabərdir əbədi dövlət.
2003-cü ildə bu xətt qırılsa idi, Azərbaycanın adı bəlkə də ancaq
tarix xəritələrində keçəcəkdi. Bu səbəbdən siyasi varislik
Azərbaycan üçün “avtoritarizm əlaməti” deyil, dövlətçilik elmidir.
Və əslində, Heydər Əliyev – İlham Əliyev varisliyi millətin
qurtuluş reseptidir. Dünyaya günəş kimi doğan Azərbaycan
möcüzəsinin davamlılığı üçün bu ənənənin davam etdirilməsi şərtdir.
Dünyada müasir dönəmdə neçə ölkə varislik məsələsini bu qədər
şəffaf və hüquqi həll edib? Ölkədə siyasi mədəniyyətin göstəricisi
olan bu model niyə Azərbaycanındır və niyə qorunmalıdır?
Çünki bu model 3 imtahandan keçib:
Zamanın imtahanı: 21 il sabitlik.
Müharibə imtahanı: 44 gündə tarixi Zəfər.
Xalqın imtahanı: 5 seçki, hər gün artan etimad.
Azərbaycan xalqı yuxarıda da qeyd etdiyimiz kimi, tarixə
dayanaraq Tanrının müdriklik bəxş etdiyi bir xalqdır. O, 1993-də,
2003-də, 2024-də düzgün seçim etdi. Çünki dəqiq müəyyən etdi ki,
məsələ şəxslər deyil, milli xüsusdur. Yəni, VƏTƏN, DÖVLƏT, BAYRAQ
məsələsidir.
Heydər Əliyev yolu – İlham Əliyev
qətiyyəti-məqsədəyönlüstrategiya. Bu, üçlük Azərbaycanı 21-ci əsrin
qalib dövlətinə çevirdi. Bu yol azad Qarabağa gedən yol, bu yol
Zəfərə gedən yoldur, bu yol əbədi müstəqilliyə gedən yoldur. Ulu
Öndər Heydər Əliyevin təbirincə desək, “Dünyaya günəş kimi doğacaq
Azərbaycan”ın ən doğru seçimi, sığortalı yoludur. O Günəş 2003-də
parladı və sabah da sönməməsi üçün dövlətçilik ənənələrinə sadiqlik
şərtdir. Onun gələcək qarantı Heydər Əliyev faktorudur.
Yəhya Babanlı
Tarix üzrə fəlsəfə
doktoru


