Bakı. Trend:
Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro
Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin
növbəti raundu keçirilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.
Bildiirlib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə
Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç
rəhbərlik edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə
siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi
dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və
humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf
perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən
strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr
aparılıb.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində
mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə
də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə
diqqət yönəldiblər.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,
Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş
ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma
və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran
beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Monteneqronun digər bir
sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də
Monteneqro Universitetində dəyirmi masa formatında keçirilən
müzakirələrdə iştirak edib.

