
Bakı. Trend:
2026-cı ildə qlobal smartfon bazarı tarixinin ən böyük
tənəzzülünü yaşayacaq.
Trend xəbər verir
ki, bu barədə “International Data Corporation” (IDC) tərəfindən
yayımlanan hesabatda bildirilir.
Analitiklərin proqnozuna görə, 2026-cı ildə dünyada smartfon
tədarüklərinin həcmi illik müqayisədə 12,9 faiz azalaraq 1,1
milyard ədəd təşkil edəcək.
“Biz müvəqqəti azalma deyil, əməli yaddaş (RAM) təchizat
zəncirində yaranmış və istehlak elektronikası sənayesinin bütün
seqmentlərinə dalğa effekti ilə yayılan sunami tipli şok müşahidə
edirik”, – deyə IDC nümayəndəsi Fransisko Jeronimo vəziyyəti belə
təsvir edib.
Hazırda süni intellekt texnologiyaları sürətlə inkişaf
etdiyindən, əməli yaddaşlara (random access memory – RAM) həddən
ziyadə böyük tələbat yaranıb.
IDC mütəxəssisləri vurğulayıblar ki, bazardakı geriləmə
komponentlərin yüksək qiymətləri səbəbindən yaranan RAM böhranı ilə
bağlı olacaq. Tədqiqatlar üzrə baş direktor Nabil Popal bildirib
ki, yaddaş böhranı sadəcə müvəqqəti enişə deyil, bütün bazarın
struktur yenidənqurulmasına səbəb olacaq.


