Bakı. Trend:
Pakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına
təhlükəsizlik məqsədilə İrana bütün zəruri olmayan səfərlərdən
çəkinməyi tövsiyə edib.
Trend-in
məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X”
sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda bildirilir ki, Pakistan vətəndaşlarına
təhlükəsizliklərini təmin etmək məqsədilə vəziyyət yaxşılaşacağı
müddətədək İrana bütün zəruri olmayan səfərlərdən çəkinmələri
tövsiyə olunur.
Məlumatda qeyd olunur ki, Pakistan XİN hazırda İranda yaşayan
Pakistan vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq
davranmağa, zəruri olmayan səfərləri minimuma endirməyə və
Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa
çağırır.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

