Bakı. Trend:
ABŞ Energetika Nazirliyi Venesuela enerji sektoruna tətbiq
edilən məhdudiyyətlərin qismən aradan qaldırıldığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi
açıqlamasında bildirilib.
Məlumata əsasən, bu addım neft və neft məhsullarının dünya
bazarlarına qanuni ixracını təmin etmək məqsədi daşıyır.
ABŞ hakimiyyəti bütün tədarüklərə ciddi nəzarət etmək
niyyətindədir: Venesuelaya və Venesueladan neftin daşınması yalnız
ABŞ qanunlarına və milli təhlükəsizlik maraqlarına uyğun olan
qanuni və səlahiyyətli kanallar vasitəsilə həyata keçiriləcək.
Energetika Nazirliyinin planında istehsal prosesinə xüsusi
diqqət yetirilir. Venesuela xam neftinin yüksək özlülüyünə görə ABŞ
ölkəyə durulaşdırıcılar (yüngül xam neft) tədarük etməyə
başlayacaq. Bunlar ağır xam neftin qarışdırılması və keyfiyyətinin
artırılması üçün vacibdir ki, bu da onun istehsalını və nəqlini
optimallaşdıracaq.

