
“Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 99 faizi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində icra edilir”.
Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planlar” mövzusunda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Xidmətlər Zərfinin əhatə dairəsi ildən-ilə genişlənir:
“İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı əvvəlki illərlə müqayisədə 2 550-dən 3 315-ə çatdırılıb. Bu da vətəndaşların daha geniş spektrdə tibbi xidmətlərdən yararlanmasına şərait yaradıb. Xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsinin sığorta təminatına daxil edilməsi əhalinin sağlamlıq göstəricilərinə müsbət təsir göstərib.”
İcraçı direktor vurğulayıb ki, Xidmətlər Zərfinə daxil olan ümumilikdə 6 171 tibbi xidmət və diaqnozdan 6 131-i, yəni 99 faizi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur.
Sevinc İbrahimzadə / Metbuat.az


