Məktəblərdə dünyəvilik prinsipi təhsilin dünya standartlarına uyğunlaşmasıdır -ŞƏRH

Baş səhifə

Bakı.Trend:

Azərbaycan təhsil sistemində dünyəvilik prinsipinin tətbiqi
təhsilin dünya standartlarına uyğunlaşması yolunda atılmış ciddi
bir addımdır.

Bu barədə Trend-ə
açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin
aparıcıelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev
deyib.

O qeyd edib ki, Azərbaycanda məktəblərdə tətbiq olunan vahid
geyim forması ilə bağlı sadəcə yanlış təsəvvür formalaşıb.

“Azərbaycan sekulyar dövlətdir və təhsil hər bir dövlətin ən
strateji sahələrindən biri hesab olunur. Bu baxımdan Azərbaycan
təhsil sistemində dünyəvilik prinsipinin tətbiqi təhsilin dünya
standartlarına uyğunlaşması yolunda atılmış ciddi bir addımdır.

Təhsil müəssisəsində təhsil verən də, təhsil alanda bərabər
olmalı, dövlətin ideoloji xəttini uyğun davranmalıdır. Bu baxımdan
vahid geyim formasının tətbiqi təhsildə bərabərliyi təmin edəcək,
ayrıseçkiliyi aradan qaldıracaq”,- deyə o əlavə edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı isə Trend-ə bildirib
ki, orta məktəblərdə vahid geyim prinsipinin birmənalı qorunması
məhdudiyyət deyil, Azərbaycanın modern və müstəqil dövlət
modelinin, güclü maarifçilik xəttinin göstəricisidir.




O bildirib ki, bu siyasət gənc nəsli kənar ideoloji təsirlərin
təzyiqindən sığortalayır, onlara bitərəf və təhlükəsiz təhsil
mühitində inkişaf etmək imkanı verir.

“Yetkinlik yaşına çatan hər bir fərd öz həyat tərzini və
dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirmək hüququna malikdir,
lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalı, elmin
və milli-mənəvi tərəqqinin işığı hakim olmalıdır”,- deyə o
vurğulayıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci
il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının
təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının
geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər
ediləcək:
– Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini
pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan
digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

– Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi
dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji
Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim
elementlərindən istifadə edilməsinə yol verilir.
– Valideynlər və ya digər qanuni nümayəndələr övladları
(qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim
forması ilə bağlı tələblərə riayət olunmasını təmin
etməlidirlər.