Bakı. Trend:
Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida
formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.
Trend-in məlumatına görə, bununla bağlı Qida Təhlükəsizliyi
Agentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün
nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına
(bundan sonra – qida formulları) dair tələbləri müəyyən edir.
Bu Qaydaların tələblərinə cavab verən qida formullarının
dövriyyəsinə yol verilir.
Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və
ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal
edilməməlidir.
Qida formulları aşağıdakı 2 növə bölünür:
- Körpələrin ilk 6 (altı) ayında qidaya tələbatının ödənilməsi
məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu (bundan sonra – 1
nömrəli qida formulu); - Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının
ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu
(bundan sonra – 2 nömrəli qida formulu).
1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə
yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.
Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarına
dair tələbləri əhatə etmir.

