Könüllülük fəaliyyətinə cəlb olunan gənclərin 22–27 faizi sonradan işlə təmin olunur – Fərhad Hacıyev

Baş səhifə

Bakı. Trend:

Statistika göstərir ki, könüllülük fəaliyyətinə cəlb olunan
gənclərin 22–27 faizi sonradan həmin qurumlarda və ya digər dövlət
müəssisələrində işlə təmin olunur.

Trend xəbər
verir ki, bunu bu gün gənclər və idman nazirinin müavini Fərhad
Hacıyev “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci
“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan
Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, müxtəlif zamanlarda Azərbaycanda
böyük tədbirlər həyata keçirilməyə başladı:

“Avroviziya müsabiqəsi, Birinci Avropa Oyunları, İslam
Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışları və
digər mötəbər tədbirlər. Bu tədbirlərin hər birində Azərbaycan
gənci öz münasibətini, öz dəstəyini göstərdi. Artıq on minlərlə
gənc könüllü kimi bu tədbirlərə qoşulurdu.




Birinci Avropa Oyunları zamanı 30 mindən çox gənc müraciət edib,
onların təxminən 15 mini seçilərək bu möhtəşəm tədbirin uğurla
keçirilməsində birbaşa iştirak edib”.

F. Hacıyev əlavə edib ki, dövlət bütün istiqamətlərdə gənc
vətəndaşlarının yanında olub:

“Vətəndaşlarımız da bundan maksimum yararlanmağı bacardılar.
Böyük tədbirlərimiz və böyük qələbələrimiz hələ qarşıdadır.

Bu gün dövlətimizin təqdim etdiyi elə bir xidmət sahəsi yoxdur
ki, onun qapısından içəri girəndə ilk olaraq könüllüləri görməyək.
Bu isə sizin fəaliyyətə necə ürəkdən qoşulduğunuzun və dövlətimizin
gələcəyində iştirak etmək iradənizin bariz nümunəsidir”.