
Bakı.Trend:
Noyabrın 26-da ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad
əl-Nuaimi ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında ədliyyə
sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın
əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında
Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq
Proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi
əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi
bildirilib.
Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni
intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi
və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs
edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində
maraqlı olduğunu ifadə edib.
Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi
məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin
davam etdirilməsinin vacibliyi vurğulanıb.
Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili
işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş
keçirib.
Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə
sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi
istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin
tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq
doğuran digər məsələləri müzakirə ediblər.

