Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Böyük Britaniya
arasında ticarət əməliyyatlarının həcmi 1,023 milyard ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 409,4 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,50%-i həcmində olub.
Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox
ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə
qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Böyük
Britaniyaya 278 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 122,6 milyon ABŞ dolları və ya
30,6% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac edilmiş məhsulların 273
milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam
neft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə
514,9 min tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü ilə
müqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Böyük Britaniyaya
neft ixracı dəyər ifadəsində 117,8 milyon dollar və ya 30,1%, həcm
baxımından isə 135,2 min ton və yaxud 20,8% azalıb.




Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox
neft ixrac etdiyi ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana
744,7 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub
ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 532 milyon ABŞ
dolları və ya 3,5 dəfə artım deməkdir. Bununla da hesabat dövründə
Böyük Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr
sırasında 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.