İranın müxtəlif bölgələrində AES-lər inşa olunacaq – Vitse-prezident

Baş səhifə

Bakı. Trend:

İranın cənubunda və şimal hissələrində 8 Atom Elektrik
Stansiyası inşa olunacaq.

Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi
Təşkilatının sədri Məhəmməd Eslami bu gün İran prezidenti Məsud
Pezeşkianın nüvə sənayesi üzrə müdirlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq çərçivəsində
AES-lərin tikilməsi üzrə müqavilə imzalanıb. Qeyd olunan AES-lərdən
4-ü İranın cənubunda Buşehr vilayətində, 4-ü isə ölkənin şimal
hissəsində inşa olunacaq.

Eslami bildirib ki, 2003-cü ildə İranda hələki yeganə olan
Buşehr AES-i istifadəyə verilib. Tənzimlənən proqrama əsasən
ölkənin müxtəlif bölgələrində inşa olunacaq AES-lər ölkənin ehtiyac
duyduğu elektrikin təmin olunmasına kömək edəcək.

İranın vitse-prezidenti deyib ki, İranın cənub-qərbində Xuzistan
vilayətində İslam İnqilabından öncə (1979) Darxovin Atom Elektrik
Stansiyasının tikintisinə başlanılıb. Son illər ərzində bu
stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən yenidən davam
etdirilir.




Eslami qeyd edib ki, bundan əlavə İranın şimalında Gülüstan
vilayətinin Xəzər dənizi sahillərində Atom Elektrik Stansiyasının
tikintisi üçün məkan müəyyənləşib.

“Ölkənin müxtəlif məkanlarında AES-lərin inşa olunması ilə nüvə
sahəsində elektrik istehsalını 20 min meqavata yüksəltmək üzrə
işlər aparılır”, -deyə o qeyd edib.

Təşkilat sədri deyib ki, Buşehr Atom Elektrik Stansiyasının 2 və
3-cü bloklarının tikintisi hətta İrana 12 günlük hərbi hava
hücumları zamanı davam etdirilib. Hazırda da tikinti prosesi davam
edir.

Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildə
fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkəti
tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda
maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub.
10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı
65 milyard kilovat saatdan çox təşkil edib.

Əlavə edək ki, Buşehr AES-nin 2 və 3-cü bloklarının tikintisinə
2017-ci ildə 50 hektar ərazidə başlanıb. Bu bloklar istifadəyə
verildiyi halda hər birinin 1 057 meqavat elektrik istehsal etmək
potensialı olacaq. Bu iki blokun istifadəyə verilməsi ilə ildə 10
milyon barel xam neft və yaxud 1,6 milyard kubmetr qaza qənaət
olunacaq və 7 milyon ton çirkləndirici qazların ətraf mühitə
yayılmasının qarşısı alınacaq.