
Bakı. Trend:
Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o
cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili
məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində
0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53
hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində
8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində
2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76
hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə
mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları
üçün alınacaq. (torpaq sahələrinin koordinatlarını, ölçülərini və
sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət Gömrük Komitəsi alınan torpağın, həmçinin
həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və
onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün
qiymətləndirmə komissiyası yaratmalı, dövlət sərhədindən buraxılış
məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən
alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun
tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.
Dövlət Gömrük Komitəsi layihə çərçivəsində tikinti altına düşən
torpaqların dövlət ehtiyacları üçün alınmasının Dövlət Gömrük
Komitəsinin tabeliyində olan“Azərterminalkompleks” Birliyinin
gəlirləri hesabına maliyyələşdirilməsini təmin etməli, alınan
daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara
ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən
azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etməlidir.

