Ermənistanda etiraz aksiyalarından sonra daha bir neçə nəfər saxlanılıb

Baş səhifə
Ermənistanda etiraz aksiyalarından sonra daha bir neçə nəfər saxlanılıb

Ermənistanın Gümrü şəhər meriyasının üç əməkdaşı vətəndaşları həbsdə olan mer Vardan Qukasyana dəstək aksiyasında iştiraka məcbur etməkdə şübhəli bilinərək saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, meriya məmurları tabeliklərində olan əməkdaşları işdən çıxarılma təhdidi ilə uşaq bağçalarının müdirlərini meriyanın binası qarşısındakı etiraz aksiyasında iştirakını təmin etməyə məcbur ediblər. Tabelikdə olanlar əmri məktəbəqədər təhsil müəssisəsinin direktorlarına çatdırıblar, bundan sonra direktorlar şagirdləri evə göndərib və işçiləri ilə birlikdə aksiyada iştirak ediblər.

Faktla bağlı toplantının keçirilməsinə və ya iştiraka mane olmaq, habelə vətəndaşların toplantıda iştirak etməyə və ya iştirakdan imtinaya məcbur edilməsi, yaxud maddi həvəsləndirilmə maddələri ilə cinayət işi açılıb.

Bundan əvvəl, oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasının binasında axtarışlar aparıblar. Axtarışlar nəticəsində mer Vardan Qukasyan və daha 7 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, Qukasyan və şəhərin baş memarı Qaregin Njde küçəsində təxminən 1 500 kvadratmetrlik qanunsuz tikilinin sahibindən təxminən 10 min dollar alaraq, binanın sökülməməsi barədə razılığa gəliblər. Onlar hər ikisi sonra həbs edilib.