
Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfir Peter Fişeri məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, qərar Gürcüstan hökuməti ilə Almaniya və Avropa İttifaqı (Aİ) arasında son aylarda artan gərginlik fonunda qəbul edilib.
Nazirliyin məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohannes Vodepol səfir Fişeri “işin gələcək istiqamətini müəyyən etmək məqsədilə” məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
“Uzun aylardır Gürcüstan rəhbərliyi Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniyanın səfiri Peter Fişerə qarşı təbliğat aparır. Buna uyğun olaraq, xarici işlər naziri Yohannes Vodepol səfiri məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, – məlumatda bildirilir.
Nazirlik həmçinin qeyd edib ki, sabah Aİ-nin Xarici Əlaqələr Şurası Gürcüstanla bağlı vəziyyəti müzakirə edəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

