Denis Boquş: “Ukraynanın erməni vasitəçilərə ehtiyacı yoxdur” – Kiyevdən ŞƏRH

Siyasət

İranın ballistik raketlərinin Rusiyaya ötürülməsi ehtimalı bütün dünyanı narahat edən mövzudur. Rusiya, İsrail, Ukrayna və… elə hələlik raket tədarükünə qərar verməyən İranın özündə bu məsələ xüsusi diqqətlə izlənilir.

resmixeber.az vəziyyəti şərh etmək üçün ukraynalı siyasi ekspert və strateji kommunikasiyalar üzrə mütəxəssis Denis Boquşla danışıb.

Ekspert ilk olaraq bildirib ki, Rusiya hər birinin qiyməti təxminən 20 min dollar olan “Shahed-136” pilotsuz təyyarələrinin tədarükü barədə İranla gizli şəkildə razılığa gəlib. Onun sözlərinə görə, bu kamikadze dronları Rusiyaya göndərildikdən sonra orada yenidən rənglənərək “Qeran-2”yə çevrilir, bundan sonra onlar guya Rusiyaya məxsus olurlar.

“Kəşfiyyatımız hər şeyi öyrəndi. İrandan rəsmi cavab gəldi ki, heç nə təchiz etmirlər və İranı qınamağa ehtiyac yoxdur. İran rəsmiləri daha sonra bəzi hərbi texnikanın ötürüldüyünü etiraf etdilər, lakin bunun müharibədən əvvəl olduğunu dedilər. Bunun ardınca İrandan üçüncü açıqlama gəldi, mahiyyəti də bundan ibarətdir ki, Rusiya bizim pilotsuz təyyarələrimizi alıb istifadə edirsə, bu, İran elminin təntənəsi deməkdir”, – deyə o bildirib.

Boquş İranın Belarusla faktiki olaraq eyni münaqişə tərəfi olduğunu vurğulayıb:

“Biz Rusiya, Belarus və İranla müharibə vəziyyətindəyik. Ola bilsin ki, Şimali Koreya və Çin onlara qoşulsun (lakin hələlik ÇXR az ehtimaldır). Münaqişə nə qədər uzun sürərsə, bir o qədər çox ölkə ona cəlb olunacaq, mən bunu keçən yay demişdim”.

Qeyd edək ki, bəzi mənbələrə görə, Ukrayna Tehranın Rusiyaya ballistik raketlər ötürməyəcəyi və pilotsuz təyyarələrin tədarükünü dayandıracağı təqdirdə İranı beynəlxalq platformalarda tənqid etməməyə, diplomatik əlaqələri kəsməməyə və s. hazırdır. Ən maraqlısı odur ki, İran danışıqlar aparmaq üçün erməni vasitəçiləri seçib və Parisin də onlarla əlaqəsi ola bilər.

Politoloq Fransa və Ermənistanın vasitəçiliyi ilə İranla danışıqların mümkünlüyü barədə fikir yürütməyin çətin məsələ olduğunu deyib.

“Əslində hərb kəs hamı ilə danışır. Amma həmin Ermənistan faktiki olaraq Rusiyanın tərəfində çıxış edir. O, KTMT, Aİİ və s. daxildir, buna görə də İrəvanın iştirakı ilə bu cür danışıqların mümkünlüyünü az ehtimal edirəm.

Parisə gəlincə hazırda yaxşı danışıqlar gedir. Avropa və NATO ölkələrindən ilk olaraq Fransa bizə tanklar (hələlik yüngül) verəcək. Bu Fransanın hansı tərəfdə olduğunu göstərir. Baxmayaraq ki, Fransa Prezidenti Emmanuel Makronun Putinlə təmasları var”, – deyə o bildirdi.

Boquş İranın ballistik raketlərinin Rusiyaya ötürülməsi məsələsi ortaya çıxana qədər İsrailin mümkün qədər neytral qaldığını vurğulayıb. Bu məsələnin vacibliyinə gəlincə isə, mütəxəssis bunu Ukraynada istifadə olunan Rusiyanın “Kalibr” raketlərinin timsalında izah edib:

“Rusiya “Kalibr”i döyüş şəraitində ilk dəfə 2015-ci ildə Suriyaya zərbələr endirməklə istifadə edib. Onlardan neçəsinin hədəfə çatması, neçəsinin isə sadəcə düşməsi artıq vacib deyil, amma indi “Kalibr” artıq “Kinjal” və digər sistemlər kimi döyüş şəraitində məhv edilib.

Moskvanın sifariş verdiyi, lakin bizim hesablamalarımıza görə, hələlik Rusiyaya gedib çıxmayan İranın ballistik raketləri İsrail üçün təhlükədir. İran öz raketlərini NASAMS, “IRIS-T”, “S-300”, “Buk-M” və s. sistemləri olan Ukraynanın hava hücumundan müdafiə sistemlərinə qarşı döyüş şəraitində sınaqdan keçirsə, nələr baş verəcəyini təsəvvür edin. Biz artıq müxtəlif növ raketləri vurmağı öyrənmişik. Rusiyada “Kalibr” və ya “X-101”in neçə faizinin vurulduğunu anlayırlar. Ukrayna bir növ sınaq meydanına çevrilib. Əgər Rusiya İrandan yeni ballistik raketlər alarsa və sonra onları Ukraynanın hava hücumundan müdafiə sistemində sınaqdan keçirərsə, o zaman istehsalçı İran bütün səhvləri nəzərə alıb onları təkmilləşdirə bilər. Sonra da Tehran onlarla İsrail ərazisini vura bilər.

Bu, İsrail üçün ciddi çağırışdır və buna görə İrana məxsus ballistik raketlərin Rusiyaya girməsinin qarşısını almağa çalışır. Hazırda bir çox ölkələr bunun üzərində işləyirlər”.

Siyasi ekspert vasitəçinin İran və Fransa ilə münasibətləri yaxşı olan rəsmi İrəvan deyil, hansısa erməni vasitəçilərin olacağı təqdirdə hansı qərarın veriləcəyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, istənilən vasitəçinin çəkisi olmalıdır.

“Məsələn, Türkiyəni götürək. O, “Taxıl sazişi”nin qarantı oldu. İrəvan isə, xüsusən də Ukraynaya lazım olmayan erməni vasitəçilər Kiyev və Tehran arasında heç bir qarant ola bilməz. Ukrayna ilə İran arasında diplomatik əlaqələr kəsilməyib, gizli də olsa, birbaşa danışa bilərik, amerikalılar, ya da bir başqası vasitəsilə İrana təsir edə bilərik. Odur ki, bir daha təkrar edirəm: hansısa qərarlara gətirib çıxara biləcək danışıqlar nöqteyi-nəzərindən bizim erməni vasitəçilərə ehtiyacımız yoxdur”, – deyə Denis Boquş sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir