Pentaqon raket ehtiyatlarının bərpası üçün 18,2 milyard dollar vəsait istəyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi raket əleyhinə müdafiə sistemləri üçün
tutucu raket ehtiyatlarının bərpası məqsədilə Konqresdən 18,2
milyard ABŞ dolları məbləğində vəsait ayrılmasını istəyib. Bu
barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sözügedən məbləğ daha əvvəl
Kapitoliy təpəsinə təqdim edilmiş əlavə 67 milyard dollarlıq ümumi
maliyyə sorğusunun tərkib hissəsidir. Bloomberg qeyd edir ki,
Pentaqon bu 18,2 milyard dolları ABŞ-ın hərbi və qanunverici
orqanlarının qiymətləndirməsinə görə təhlükəli dərəcədə azalmış
döyüş sursatı ehtiyatlarının bərpasına yönəltməyi planlaşdırır.

Bu vəsaitin təxminən 5,75 milyard dollarının THAAD raketdən
müdafiə kompleksləri üçün tutucu raketlərin alınmasına, 5,57
milyard dollarının Patriot zenit-raket kompleksləri üçün raketlərə,
1,9 milyard dollarının isə SM-6 raketlərinin alınmasına ayrılması
nəzərdə tutulur. Bundan əlavə, Pentaqon ABŞ-ın İrana qarşı hərbi
əməliyyatı zamanı ilk dəfə istifadə etdiyi Tomahawk qanadlı
raketlərini və Precision Strike Missile (PrSM) qısamənzilli
ballistik raketlərini də satın almağı planlaşdırır.




Bundan əvvəl The New York Times qəzeti mənbələrə istinadən xəbər
vermişdi ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin
sədri Den Keyn Mərkəzi Komandanlığın İrana qarşı genişmiqyaslı
döyüş əməliyyatlarını bərpa edə biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, tutucu raket
ehtiyatları təhlükəli dərəcədə azalacaq.

ABŞ Prezidenti Donald Tramp isə bu məlumatı təkzib edərək
bildirib ki, ABŞ ordusunun döyüş sursatı ehtiyatı “tələb olunandan
xeyli çoxdur”.