Gürcüstandan keçən Orta Dəhliz boyunca yük daşımalarının həcmi 21% artıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan ərazisindən keçən Orta Dəhliz boyunca yük
daşımalarının həcmi 21% artıb.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı
məlumata görə, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri
Mariam Kvrivişvili Potidə yeni dəniz limanının tikintisinin ikinci
mərhələsinin açılışı münasibətilə keçirilən mərasimdə bildirib.

Nazirin sözlərinə görə, bu layihə ölkənin nəqliyyat və logistika
sektorunda artan tələbata birbaşa və effektiv cavabdır.

“Bu layihə ölkənin iqtisadi inkişafı üçün yeni perspektivlər
açır və regional əlaqələri gücləndirir. Son bir neçə ildə Orta
Dəhliz ən dinamik inkişaf edən beynəlxalq nəqliyyat marşrutlarından
birinə çevrilib. Nəticədə, Gürcüstandan keçən yüklərin həcmi də
əhəmiyyətli dərəcədə artıb.

Bu ilin ilk beş ayında Orta Dəhliz boyunca yük daşımalarının
həcmi 21%, Gürcüstan limanlarına gələn gəmilərin tonajı isə 19%
artıb. Demək olar ki, bütün əsas sahələrdə artım müşahidə olunur
ki, bu da ölkəmizin regional və beynəlxalq logistikada artan rolunu
bir daha təsdiqləyir”, – deyə İqtisadiyyat və Davamlı İnkişaf
naziri qeyd edib.

Mariam Kvrivişvilinin sözlərinə görə, bu şəraitdə yeni Poti
limanının tutumunu əhəmiyyətli dərəcədə genişləndirəcək 40 milyon
dollarlıq əlavə investisiya xüsusilə əhəmiyyətlidir.

“İkinci mərhələnin tamamlanmasından sonra limanın ötürmə
qabiliyyəti 3 milyon tona çatacaq, əməliyyat səmərəliliyi artacaq
və yük daşınması sürətləndiriləcək ki, bu da Gürcüstanın rəqabət
qabiliyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir
vurğulayıb.

Qeyd olunur ki, layihənin birinci mərhələsinə artıq 93 milyon
dollar investisiya qoyulub və 360 iş yeri yaradılıb. Layihənin
hazırkı mərhələsində əlavə 50 nəfər işlə təmin olunacaq.




“Gürcüstanın iqtisadi inkişafını dəstəkləməyə davam edən ABŞ
Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) və özəl təşəbbüsü
milli əhəmiyyətli uğurlu layihəyə çevirən Pace Group-a xüsusi
təşəkkürümü bildirmək istəyirəm”, – deyə Mariam Kvrivişvili
bildirib.

Onun sözlərinə görə, ictimaiyyət və beynəlxalq tərəfdaşlar
Gürcüstan hökumətinin bu sahədə ardıcıl və aydın siyasətindən yaxşı
xəbərdardırlar. “Bu strategiyaya yeni Poti limanının inkişafı,
Anakliya dərin su limanının tikintisi, dəmir yolu infrastrukturunun
modernləşdirilməsi və Şərq-Qərb avtomobil yolunun inkişafı
daxildir. Bugünkü investisiyalar yük daşımalarının həcminin
artması, yeni iş yerlərinin yaradılması, iqtisadi fəaliyyətin
artması və Gürcüstanın regional və qlobal ticarətdə daha da güclü
mövqeyi deməkdir”, – deyə Kvrivişvili bildirib.

Məlumata görə, tədbirdə ABŞ səfiri vəzifəsini icra edən Alan
Pursell, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC)
idarəedici direktoru Kenneth Angell və Pace International
şirkətinin prezidenti İoseb Dolidze iştirak ediblər.

Mərasimdən sonra simvolik zaman kapsulunun qoyulması mərasimi
keçirilib.

“Layihənin ikinci mərhələsi liman infrastrukturunun daha da
genişləndirilməsini və ötürmə qabiliyyətinin artırılmasını nəzərdə
tutur. Xüsusilə, 250 metr uzunluğunda və 13 metr dərinliyində yeni
körpü tikiləcək, yanaşma kanalı qazılacaq, müasir gəmi yükləyicisi
quraşdırılacaq və mövcud karbamid anbarını yeni körpü ilə
birləşdirmək üçün 700 metrlik konveyer xətti çəkiləcək”, – deyə
nazirlik bildirib.

Orta Dəhliz, regiondakı bir neçə ölkədən keçən və Asiyanı Avropa
ilə birləşdirən nəqliyyat ticarət yoludur. Ənənəvi Şimal və Cənub
Dəhlizlərinə alternativ kimi xidmət edir.

Marşrut Çindən başlayır və Orta Asiya ölkələrindən keçir. Daha
sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək
Avropaya çatır. Orta Dəhliz, Çin də daxil olmaqla, Şərqi Asiyanı
Avropa ilə birləşdirən yoldur.