Gənclik inkişaf üçün ən böyük imkanlardan biridir – Anar Kərimov

Baş səhifə

Bakı. Trend:

Gənclər inkişaf üçün ən böyük imkanlardan birini təmsil
edir.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu
Bakıda İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantısı
çərçivəsində keçirilən “Sərhədsiz gənclik: ümumi regional rifahın
təmin edilməsi” mövzusunda tədbirdə Azərbaycanın maliyyə nazirinin
birinci müavini Anar Kərimov deyib.

“İslam İnkişaf Bankının bütün üzv ölkələrində milyonlarla gənc
inkişaf üçün ən böyük imkanlardan birini təmsil edir.

Lakin imkanlar öz-özünə yaranmır. Onları yaratmaq, inkişaf
etdirmək və maliyyələşdirmək lazımdır. Bundan başqa, bu imkanlar
milli sərhədləri aşmalıdır, çünki istedad və innovasiyalar sərhəd
tanımır.




Azərbaycanda biz gənclərə inanır və gəncləri milli inkişafa
strateji investisiya kimi qiymətləndiririk”, – deyə nazir müavini
bildirib.

Kərimov qeyd edib ki, son beş il ərzində Azərbaycan gənclərin
təhsilinə təxminən iki milyard ABŞ dolları yönəldib.

“İslamda təhsil sadəcə iqtisadi investisiya deyil. Bu, insan
ləyaqətinə, məsuliyyətə və cəmiyyətə xidmətə qoyulan
investisiyadır.

Buna görə də bu gün Azərbaycanda biz hesab edirik ki, gənclərə
investisiya qoyuluşu gənc sahibkarlara investisiya qoyuluşudur.
Onların daha böyük bazarlara çıxışa, daha geniş mobilliyə ehtiyacı
var, innovatorlar üçün isə daha güclü qarşılıqlı əlaqə şəbəkələri
lazımdır”, – deyə o bildirib.