Almaniya şirkətləri SOCAR ilə qaz tədarükünə dair müqavilə bağlayıblar

Baş səhifə

Bakı. Trend:

Almaniya şirkətləri SOCAR ilə ildə təxminən 2 milyard kubmetr
qaz müqaviləsi bağlayıblar.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən
mətbuat brifinqi zamanı bildirib.

“Almaniyaya birbaşa qaz tədarükü yoxdur, çünki Azərbaycanla
Almaniya arasında boru kəməri bağlantısı yoxdur. Lakin üç alman
şirkətinin SOCAR ilə bağladığı müqavilədə nəzərdə tutuan ildə
təxminən 2 milyard kubmetr qazın satışı Avropa enerji bazarının
sabitləşməsində mühüm rol oynayır, çünki bu, Avropa bazarına əlavə
təchizat həcmi təmin edir”, – deyə səfir bildirib.




Horlemann qeyd edib ki, Azərbaycandan qaz tədarükü üçün
müqavilələr imzalayan alman qaz şirkətləri əsasən Avropadakı digər
qaz idxalçıları ilə svop əməliyyatları aparırlar.

“Söhbət əsasən İtaliyadan gedir, çünki Avropa İttifaqı
tərəfindən idxal edilən Azərbaycan qazının təxminən 90%-i ora
gedir.

Bu müqavilələr uzunmüddətlidir, təxminən on illik. Mən tədarük
həcmlərinin bu müddətdən sonra eyni qalacağını və bəlkə də hətta
artacağını gözləyirəm. Lakin, mənim qiymətləndirməmə görə, növbəti
on il ərzində onlar ildə təxminən 2 milyard kubmetr təşkil edəcək”,
– diplomat bildirib.