
Bakı. Trend:
14 iyun tarixində Fəvvarələr meydanında gimnastika coşqusunun
ikinci günü baş tutub.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.
Festivalın sonuncu günü qalib komandaların qala şousu ilə yadda
qalıb. Komandalar əldə etdikləri uğurun sevincini tamaşaçılarla
bölüşərək çıxışlarını yenidən təqdim ediblər.
Günün əsas məqamlarından biri müxtəlif nominasiyalar üzrə
qaliblərin mükafatlandırılması olub. “Ən yaxşı kostyum”, “Ən yaxşı
performans”, “Ən yaşlı iştirakçı”, “Ən balaca iştirakçı” və “Sosial
mediada ən aktiv iştirakçı” nominasiyaları üzrə seçilən
iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.
“Ən yaxşı performans” nominasiyası üzrə Abşerondan olan “Dark
Storm” komandası, “Ən yaxşı kostyum” nominasiyası üzrə isə
Naxçıvanı təmsil edən “African Echo” komandası qalib seçilib. “Ən
yaşlı iştirakçı”, “Ən balaca iştirakçı” və “Sosial mediada ən aktiv
iştirakçı” nominasiyasının qalibləri müəyyən olunub.
Qala şou zamanı komandaların enerjili və rəngarəng çıxışları
Fəvvarələr meydanında əsl gimnastika bayramı ab-havası yaradıb.
İştirakçıların yüksək əzmi və sevgi ilə hazırladıqları proqramlar
tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
“Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge”
festivalının ikinci günü bir daha nümayiş etdirib ki, gimnastika
yaşından və imkanlarından asılı olmayaraq hər kəsi bir araya
gətirən, sağlam və aktiv həyat tərzini təşviq edən bir idman
növüdür.

