
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ
Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik
məktubu ünvanlayıb.
Bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında
paylaşım edilib.
Məktubu təqdim edirik:
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Zati-aliləri
cənab Donald Trampa
Hörmətli cənab Prezident,
Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi
münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən, möhkəm
cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli dövlətin
görkəmli Lideri kimi ali dövləti fəaliyyətinizdə daim uğurlar və
yeni-yeni nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə
və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu
yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə
tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq
Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin
ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini
keyfiyyətcə yeni pilləyə qaldırdı. Əldə etdiyimiz bu möhtəşəm
nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz
göstəricisidir. Dövlətlərarası münasibətlərimizin inkişafına daim
verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik.
Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə
göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda
şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə
Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin
qurulması haqqında Saziş sülhquruculuğu yolunda Sizin ardıcıl
səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan
Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz
bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda
dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq
görürük.
Hörmətli cənab Prezident,
Sizinlə aramızdakı şəxsi münasibətləri, dostluğu, dərin hörmət
və etimadı daim uca tutur, son bir il ərzində mehribanlıq və
səmimiyyət şəraitində keçən məhsuldar görüşlərimizdən və
təmaslarımızdan məmnunluq duyduğumu bildirirəm.
Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif
sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün
əlverişli zəmin yaradır.
Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də
iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar,
texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və
möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.
Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı
tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın
hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra
da uğurla davam etdirəcəyik.
Dərin hörmət və ehtiramlarımı izhar edərək bir daha Sizə və
ailənizə ən xoş arzularımı çatdırır, dost Amerika xalqının rifahı
naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

