
Bakı. Trend:
Böyük Britaniyanın silahlı qüvvələri səhər saatlarında La-Manş
boğazında Rusiyanın “kölgə donanmasına” aid olduğu bildirilən neft
tankerini saxlayıb.
Bu barədə Baş nazir Kir Starmer məlumat verib.
Müdafiə Nazirliyinin açıqlamasına görə, 6 saat davam edən
əməliyyatda Kral Dəniz Piyadalarının xüsusi əməliyyat qrupları,
Milli Cinayət Agentliyinin xüsusi hazırlıqlı əməkdaşları və Kral
Hərbi Hava Qüvvələri (RAF) iştirak edib.
“Smyrtos” adlı tankerə çıxış əldə olunub və gəmi araşdırmalar
davam etdiyi müddətdə İngiltərənin cənub sahilləri yaxınlığında
nəzarət altında saxlanılacaq.
Baş nazir Kir Starmer əməliyyatı Rusiyaya qarşı növbəti ciddi
zərbə kimi qiymətləndirib.
Xatırladaq ki, Kir Starmer mart ayında Böyük Britaniya silahlı
qüvvələrinin ölkə sularından keçən sanksiyaya məruz qalmış gəmilərə
çıxış əldə etmək səlahiyyətinə malik olduğunu açıqlamışdı. Müdafiə
Nazirliyi indiyədək Böyük Britaniyanın Rusiyanın “kölgə donanması”
ilə əlaqəli 500-dən çox gəmiyə sanksiya tətbiq etdiyini
bildirib.

