Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsidir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Tarixdə elə günlər var ki, onlar sadəcə təqvimdə bir tarix
deyil, bütöv bir xalqın gələcəyini müəyyən edən dönüş nöqtəsidir.
Azərbaycan üçün belə günlərdən biri 15 İyun – Milli Qurtuluş
Günüdür. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə bağlı
deyil. 15 iyun dövlətçiliyin qorunması, milli birliyin təmin
olunması və müstəqilliyin real məzmun qazanması ilə bağlıdır.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

“1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük
çətinliklərlə üz-üzə qalmışdı. Sovet İttifaqının dağılmasından
sonra ölkədə yeni idarəetmə sistemi formalaşmamış, iqtisadi
əlaqələr pozulmuş, sosial vəziyyət ağırlaşmışdı. Digər tərəfdən
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlar
işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin
düşürdü.

Müstəqilliyin ilk illərində ölkədə yaranan siyasi qarşıdurmalar
vəziyyəti daha da mürəkkəbləşdirirdi. Dövlət institutları zəif idi,
müxtəlif silahlı qruplar fəaliyyət göstərirdi, mərkəzi hakimiyyət
isə proseslərə tam nəzarət edə bilmirdi. 1993-cü ilin yayına doğru
Azərbaycan faktiki olaraq ağır siyasi böhran mərhələsinə daxil
olmuşdu. Ölkədə hakimiyyət boşluğu yaranmış, vətəndaş qarşıdurması
təhlükəsi getdikcə artırdı”, – o bildirib.

Onun sözlərinə görə, belə bir mürəkkəb dövrdə xalqın diqqəti
böyük siyasi təcrübəyə malik Heydər Əliyevə yönəldi.

“Həmin vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər
Əliyev ölkədə sabitliyin və dövlətçiliyin qorunmasının vacibliyini
daim vurğulayırdı. 1993-cü ilin iyununda onun Bakıya qayıdışı
Azərbaycanın yaxın tarixində həlledici hadisəyə çevrildi.

İyunun 15-də Heydər Əliyevin parlamentin rəhbəri seçilməsi
ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu. Məhz bu tarix
sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Çünki həmin dövrdə
qəbul edilən qərarlar Azərbaycanın parçalanmaq təhlükəsindən xilas
olmasına, dövlət idarəçiliyinin bərpa edilməsinə və sabitliyin
təmin olunmasına imkan yaratdı.

Qurtuluş anlayışı yalnız böhrandan çıxış demək deyildi. Bu, həm
də gələcəyin qurulması üçün möhkəm təməlin yaradılması idi. Sonrakı
illərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi, hüquqi bazanın
formalaşdırılması, nizami ordu quruculuğu və beynəlxalq əlaqələrin
genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı”, – politoloq
bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir inkişaf yolunun əsas
istiqamətlərindən biri də məhz həmin dövrdə müəyyənləşdirildi.

“1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi
imkanlarını genişləndirdi, xarici investisiyaların cəlb edilməsinə
şərait yaratdı və Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm
mövqeyə çıxardı. Sonrakı illərdə həyata keçirilən iri enerji və
nəqliyyat layihələri ölkənin iqtisadi müstəqilliyini daha da
gücləndirdi.

Milli Qurtuluşdan sonra formalaşan siyasi sabitlik Azərbaycan
dövlətinin güclənməsində həlledici rol oynadı. Məhz həmin sabitlik
ölkəyə uzunmüddətli inkişaf strategiyası qurmağa, müasir ordu
yaratmağa və beynəlxalq mövqelərini möhkəmləndirməyə imkan verdi”,
– o bildirib.

Politoloq vurğulayıb ki, bu gün geriyə nəzər saldıqda aydın
görünür ki, 1993-cü ildə verilən qərarlar Azərbaycanın sonrakı
uğurlarının əsasını təşkil edib.

“Dövlətçiliyin qorunması, iqtisadi inkişafın təmin olunması,
beynəlxalq nüfuzun artması və ölkənin ərazi bütövlüyünün bərpası
istiqamətində əldə olunan nəticələr həmin dövrdə qoyulan təməlin
məntiqi davamıdır.

15 İyun buna görə sadəcə bir bayram günü deyil. Bu tarix xalqın
dövlətçilik instinktinin, milli həmrəyliyinin və çətin məqamlarda
düzgün seçim etmək bacarığının simvoludur. Milli Qurtuluş Günü
Azərbaycan tarixində dövlətin özünü qoruyub saxlaya bildiyi,
gələcəyə inamla addımladığı və inkişaf yolunu müəyyənləşdirdiyi gün
kimi xüsusi əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanın qazandığı uğurlar, həyata keçirdiyi böyük
layihələr və regionda tutduğu mövqe bir daha göstərir ki, 15 iyun
tarixində atılan addımlar yalnız həmin dövrün deyil, gələcək
nəsillərin taleyinə də təsir göstərən strateji qərarlar idi. Məhz
buna görə Milli Qurtuluş Günü müstəqil Azərbaycanın ən əlamətdar
tarixlərindən biri olaraq qalır”, – A.Qarayev əlavə edib.