
Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycan ilə Böyük Britaniya
arasında ticarət dövriyyəsinin həcmi 3,560 milyard ABŞ dolları
təşkil edib.
Bu barədə Trend-ə
Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 3,078 milyard ABŞ dolları və ya 7,4 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,45 faizini təşkil edib.
Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox
ticarət əməliyyatları həyata keçirdiyi ölkələr sırasında ikinci
yeri tutub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Böyük Britaniyaya
3,470 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 3,330 milyard ABŞ dolları və ya 24,9
dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana
təxminən 89,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
həyata keçirilib ki, bu da 2025-ci ilin analoji dövrü ilə
müqayisədə 252,5 milyon ABŞ dolları və ya 73,8 faiz azdır.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil
edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ
dolları və ya 2,9 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları
ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir
ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları (35,2 faiz) artdığı
halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları (32,1 faiz)
azalıb.
Trend-ə müsahibəsində Böyük Britaniyanın İxrac
Maliyyələşdirilməsi Agentliyinin (UKEF) baş icraçı direktoru Tim
Reyd bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi
münasibətlər möhkəmdir və inkişaf etməkdə davam edir.
“Azərbaycan üzrə bazar risklərinin sığortalanması üçün bizdə ən
yüksək təminat səviyyəsi mövcuddur – azı 5 milyard funt sterlinq.
Bu da ölkəyə britaniyalı ixracatçılar üçün etibarlı tərəfdaş kimi
inamımızı əks etdirir”, – deyə T. Reyd qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında
münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici
ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı
strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu
əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.
“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara
nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün
aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək
daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün
əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın
şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri,
eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün
geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi
göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən
perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı
qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala
malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar
xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.

