Erkən ölüm riskini artıran qidalar müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

Alimlər 86 mindən çox insanın məlumatlarını təhlil edərək, ultra
emal olunmuş qidaların yüksək istehlakının vaxtından əvvəl ölüm
riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Trend xəbər verir ki,
tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc
olunub.

Ultra emal olunmuş məhsullara şirin qazlı içkilər, bir çox hazır
səhər yeməkləri, qəlyanaltılar, yarımfabrikatlar və tərkibində
çoxlu əlavələr olan digər sənaye istehsalı məhsulları daxildir.
Tədqiqatçılar 17 il ərzində iştirakçıları izləyiblər və bu müddətdə
24 mindən çox ölüm halı qeydə alınıb.




Araşdırma göstərib ki, yüksək dərəcədə emal olunmuş qidaları ən
çox qəbul edən şəxslərdə onları ən az istehlak edənlərlə müqayisədə
istənilən səbəblərdən ölüm riski 10 faiz daha yüksək olub. Onlarda
ürək-damar sistemi xəstəliklərindən ölüm riski 9 faiz,
neyrodegenerativ pozuntular da daxil olmaqla sinir sistemi
xəstəliklərindən ölüm riski 20 faiz, digər xəstəliklərdən ölüm
riski isə 28 faiz yüksək olub. Bununla yanaşı, alimlər bu
məhsulların istehlakı ilə xərçəngdən ölüm arasında əlaqə aşkar
etməyiblər.

Əlavə təhlil göstərib ki, mənfi təsirlərə ən çox şirin qazlı
içkilər və yüksək dərəcədə emal olunmuş taxıl məhsulları səbəb
olub. Bununla yanaşı, tərəvəz, meyvə, tam taxıl məhsulları və digər
faydalı ərzaqlarla zəngin qidalanma belə məhsulların mənfi təsirini
müəyyən qədər zəiflədib.

Tədqiqatın müəllifləri bildirirlər ki, əldə olunan nəticələr
ultra emal olunmuş qidaların müntəzəm istehlakının sağlamlığın
pisləşməsi və ömür müddətinin qısalması ilə əlaqəli ola biləcəyini
təsdiqləyir.