Bakıda WUF13-ün üçüncü günü start götürüb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) üçüncü günü işə başlayıb.

Trend xəbər verir ki,
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin
birgə təşkilatçılığı ilə keçirilən forum çərçivəsində bu gün də
mənzil təminatı, dayanıqlı şəhər inkişafı, urbanizasiya, iqlim
dəyişiklikləri və rəqəmsal şəhər həlləri ilə bağlı geniş
müzakirələr aparılır.

Forumun üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı,
təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim
dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub.
Günün əsas sessiyalarından biri “Qlobal mənzil böhranı: Plan
nədir?” mövzusunda keçirilən dialoqdur. Sessiyada mənzil
əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin
yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.

Bununla yanaşı, “Mənzilin sosial və iqtisadi gücü”, “Şəhərlər
üçün süni intellekt”, “Məlumatdan qərarlara: Süni intellekt, məkan
təhlili və hamı üçün mənzil”, “İqlimə davamlı şəhərlər və icmalar”,
“Şəhər planlaması iqlim fəaliyyətidir” kimi mövzular forumun diqqət
mərkəzindədir. Ekspertlər və beynəlxalq təşkilat nümayəndələri
şəhərlərin gələcək inkişafında rəqəmsal texnologiyaların, məlumat
əsaslı idarəetmənin və yaşıl həllərin rolunu xüsusi
vurğulayırlar.

Üçüncü gün çərçivəsində həmçinin “Hamı üçün mənzil”, “Qadınların
gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış”, “Əlilliyi
olan şəxslər üçün inklüziv şəhərlər”, “Gənclərin şəhər
idarəçiliyində rolu”, “İqlim maliyyəsinin şəhərlərə
yönləndirilməsi”, “Dayanıqlı və əlçatan nəqliyyat”, “Müharibədən
zərər görmüş şəhərlərin bərpası” və “Qeyri-rəsmi yaşayış
məntəqələrinin transformasiyası” kimi mühüm mövzular üzrə
sessiyalar keçiriləcək.

Forumun proqramında urbanizasiya və iqlim gündəliyinin
əlaqələndirilməsi də xüsusi yer tutur. “İstiyədavamlı şəhərlər”,
“Təbiət əsaslı həllər”, “Yaşıl və dayanıqlı yaşayış”, “Su
resurslarının idarə olunması”, “Şəhərlərdə enerji ədaləti” kimi
mövzular urbanizasiya ilə ekoloji davamlılıq arasındakı əlaqələri
ön plana çıxarır.




Bu gün həmçinin “World Cities Report 2026” hesabatının
təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə
yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil
siyasətinə dair xüsusi sessiyalar keçiriləcək.

WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən yenidənqurma layihələri və “ağıllı
şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” konsepsiyaları da
beynəlxalq iştirakçılara təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən layihələr dayanıqlı urbanizasiya nümunəsi kimi
diqqət çəkir.

Qeyd edək ki, forumun ilk iki günü də geniş tədbirlər proqramı
ilə yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və
vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər
rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi də təşkil
olunub.

Forumun ikinci günü isə ilk dəfə təşkil edilən Liderlər Sammiti
ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli
müzakirələr aparılıb. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko
şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq
baxımından mühüm platforma kimi təqdim edilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. Forum “Hamı üçün mənzil:
təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu
ətrafında hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və
vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı
şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə
xidmət edir.