
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi
tarif tədbirləri, eləcə də Hörmüz boğazı ətrafında yaranan risklər
səbəbindən qlobal ticarət sistemi son 80 ilin ən ciddi böhranı ilə
üzləşib.
Trend xəbər verir ki,
bu fikirləri Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi
Okonjo-İveala NHK televiziyasına müsahibəsində səsləndirib.
“Qlobal ticarət sistemi son 80 ilin ən ağır böhranı ilə üzləşir.
ABŞ-nin tarif tədbirlərinin təsirini görürük və digər üzv dövlətlər
də müxtəlif addımlar atırlar”, – deyə o bildirib.
ÜTT rəhbəri Hörmüz boğazının bağlanması ehtimalının, xüsusilə
Şərqi Asiya ölkələri üçün ciddi nəticələr doğura biləcəyini də
vurğulayıb.
“Bu vəziyyət qlobal ticarətə əhəmiyyətli təsir göstərir. Qlobal
enerji təchizatının beşdə biri Hörmüz boğazından keçir və bu
marşrut, xüsusilə Şərqi Asiya ölkələri üçün mühüm əhəmiyyət
daşıyır”, – deyə o əlavə edib.
Nqozi Okonjo-İveala qeyd edib ki, qlobal ticarətdə yaranan
dəyişikliklər qismən ÜTT sisteminin islahatlar həyata keçirə
bilməməsi və yeni şəraitə uyğunlaşmaması ilə bağlıdır. Bununla
belə, o vurğulayıb ki, dünya ticarətinin təxminən dörddə üçü hələ
də ÜTT prinsipləri çərçivəsində həyata keçirilir.
ÜTT rəhbəri təşkilatda, xüsusilə qərarların bütün üzvlərin
yekdil razılığı əsasında qəbul edilməsini nəzərdə tutan konsensus
sistemində islahatların vacibliyini də qeyd edib. Onun sözlərinə
görə, bu mexanizm qərar qəbuletmə prosesini əhəmiyyətli dərəcədə
ləngidir.

