
Bakı. Trend:
Kosta-Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş
Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib. Yüzə yaxın
ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı
ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.
Bu barədə Trend-ə ölkəmizin Kosta-Rikadakı səfirliyindən məlumat
verilib.
Kosta-Rikanın Milli Stadionunda keçirilən mərasimdə Prezident
Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni
hökumət üzvlərini ictimaiyyətə təqdim edib.
Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə
heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur
Fətəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kosta-Rika
Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz
növbəsində, səmimi salamlarının Azərbaycan Prezidentinə
çatdırılmasını xahiş edib.
Kosta-Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa
isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və
keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Daha sonra Kosta-Rikanın sabiq Prezidenti Rodriqo Çaves
Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət
fikirlərini və xoş arzularını ifadə edib.
Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa
çatıb.


