
“Azərbaycan Dəmir Yolları” QSC son illərdə həm sərnişindaşıma coğrafiyasının genişləndirilməsi, həm də xidmət keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atıb.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov REAL TV-yə müsahibəsində deyib.
“Son illərdə Bakı–Qəbələ qatarının istifadəyə verilməsi, Bakı–Gəncə marşrutunun Ağstafa və Qazaxa qədər uzadılması, Bakı–Ağdam qatarının istifadəyə başlaması və regionlararası qatarların işə salınması əsas layihələrdən olub. Hazırda Gəncə–Qəbələ qatarı da fəaliyyət göstərir və bu marşrut Bakıdan asılı olmadan region daxilində mobilliyin artırılmasına xidmət edir. Ötən il Bakı–Balakən qatarı uzun fasilədən sonra yenidən istifadəyə verilib ki, bu, yataq tipli qatar seqmentində bərpa etdiyimiz ilk marşrutlardan biridir. Ötən il ümumilikdə 10 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan əvvəlki rəqəmlərdən 3 dəfə, 2022-ci ildən bu yana isə təxminən 2 dəfə çoxdur. Bakı dairəvi istiqamətində də ciddi artım müşahidə olunur. Bir neçə il əvvəl Bakı–Sumqayıt və ümumilikdə 14 stansiya üzrə gündəlik sərnişin sayı pik saatlarda 22 min nəfər idisə, hazırda bu rəqəm 42-43 min nəfərə çatıb. Hazırda qatar marşrutlarının sayı 96-ya yüksəlib. Təxminən 3 dəfə marşrut artımı, 2 dəfəyə qədər isə sərnişin artımı qeydə alınıb”.
ADY sədri yeni qatarların alınması prosesinə də toxunub. O qeyd edib ki, əməliyyat səmərəliliyi və marşrut optimallaşdırılması nəticəsində qatarların doluluq səviyyəsi aşağı düşüb və bu da sərnişin rahatlığına müsbət təsir göstərib:
“Doluluq səviyyəsinin 108-dən 96-ya düşməsi müştəri məmnuniyyətinin artırılmasına xidmət edib. Rayonlararası marşrutlar üçün 4 yeni qatar və 4 lokomotivin alınması yekunlaşmaq üzrədir. Bundan əlavə, Bakı dairəvi xəttində mobillik proqramı çərçivəsində əlavə 20 qatarın alınması planlaşdırılır”.


