Azərbaycanda pensiyada ikiqat artım imkanı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə
artım mümkün olacaq.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O xatırladıb ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək
pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların
pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra
yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra
vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi
dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya
kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə
toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən
hesablanır.




Deputat bildirib ki, işləyən vətəndaşlarımızın pensiyalarında bu
il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud
qaydalara əsasən 9,3 faizə indeksləşdirilərək artırılır. Daha sonra
onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur.

“Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə
ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam
edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800
manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya
təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır.
Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25 200 manat
(ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə
alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin
dövr üzrə toplanmış pensiya kapitalı (25 200 manat) 72-yə
bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir ki,
həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin
vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın
1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni
pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3
%) + 350 manat = 1224.4 manat”, – deyə V.Bayramov vurğulayıb.

Millət vəkili qeyd edib ki, əmək fəaliyyəti davam edən
pensiyaçılar işləməkdə davam etsələr və 6 il iş müddəti bu il tamam
olsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma
artımından faydalana bilərlər.