Azərbaycanlı musiqiçi Ağarəhim Quliyev “Altus Flutes”un artisti olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı musiqiçi, fleyta ifaçısı Ağarəhim Quliyev “Altus
Flutes”un artisti olub.

Trend xəbər verir ki,
Ağarəhim Quliyev həmkarı Eldəniz Ələkbərzadə ilə birlikdə “Avey”
duetinin həmtəsisçisi, həmçinin klassik musiqi prodakşnı “AGRecords”un yaradıcısıdır.

Bu səviyyədə ambassador statusu onun artistizmi və
peşəkarlığının ən yüksək qiymətləndirilməsidir.

Bu, yalnız onun peşəkar karyerasında mühüm nailiyyət deyil, həm
də Azərbaycanın akademik musiqi mədəniyyəti üçün əhəmiyyətli
hadisədir.




Qeyd edək ki, A. Quliyev klassik musiqi mədəniyyətinin
inkişafına mühüm töhfə vermiş tanınmış azərbaycanlı fleyta
ifaçısıdır. O, 25 sentyabr 2000-ci ildə Bakıda anadan olub. Erkən
yaşlarından musiqiyə, xüsusilə fortepiano və fleytaya dərin maraq
göstərib ki, bu da onun gələcək peşəkar yolunu müəyyənləşdirib.

Karyerası ərzində A. Quliyev həm klassik, həm də müasir
repertuarın incə və ifadəli interpretasiyalarına görə tanınıb. O,
həm solo proqramlarla, həm də orkestr və kamera ansamblları ilə
əməkdaşlıq çərçivəsində uğurla çıxış edir.

Onun ifası zəngin və təmiz səslənməsi, qüsursuz frazalaşdırması
və musiqi materialına dərin emosional yanaşması ilə seçilir.
Yaradıcılığının əsas istiqamətlərindən biri Azərbaycan klassik
musiqisinin beynəlxalq səhnədə təbliğidir. O, dünyanın müxtəlif
ölkələrində keçirilən nüfuzlu konsert və festivallarda mütəmadi
iştirak edərək Azərbaycanın zəngin musiqi irsini təqdim edir.

A. Quliyev ALTUS A907 (Britania silver başlıqla) fleytada ifa
edir.