Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini
Altun Yasinlinin müsahibəsini təqdim edirik.

Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlar
yaradır?

KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində,
müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini,
vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOB
klasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistem
klaster daxilində əməkdaşlıq nəticəsində xərclərin
optimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəb
olur. Eyni zamanda KOB klaster modeli müəssisələrarası sinerjini,
resursların birgə istifadəsini və innovasiyaların mübadiləsini
gücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedən
müəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi və
güzəştlər var?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster
şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə
tutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB
klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və
əmlak vergisindən azad olunur. Eyni zamanda təsdiqedici sənəd
əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji
avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB
klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster
şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə
etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin
çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən
azad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
tərəfindən KOB klasterinin funksional xəritəsinin və
maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB
klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək
göstərilir.

“KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün şərtlər və
lazım olan sənədlər nədən ibarətdir?

Müvafiq qanunvericiliyə əsasən ilkin olaraq yaradılacaq KOB
klaster çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə
asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə
təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun
xammal və materialının dəyərinin 50%-nin klasterin iştirakçısı olan
yerli istehsalçılardan təchiz edilməsi tələb olunur. Burada məqsəd
klasterin inkişafında yerli istehsalın və KOB subyektlərinin
rolunun artırılmasıdır.

Eyni zamanda Azərbaycan Respublikasında istehsal edilməyən yeni
rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50%-dən artıq
hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və ya
qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq
və s.) göstərilməsi “KOB klaster şirkəti”nin əsas
meyarlarındandır.

Həmçinin ölkə regionlarının investisiya potensialına uyğun
olaraq “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə
investisiyanın minimum həcmi müəyyən edilib.

“KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı”
şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. “KOB klaster
şirkəti”nin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə
və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektron
formada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısı
olmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı və
KOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdim
edilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir və
onlar da güzəştlərdən yararlanır. Klasterləşmə, KOB klasterin
yaradılmasına dövlət dəstəyi, güzəştlər, KOB klaster şirkəti və
onun iştirakçısı şəhadətnamələrini almaq üçün lazım olan sənədlər
barədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət
edərək öyrənə bilərlər.




Klasterləşmədən mikro sahibkarlar necə faydalana
bilər?

Mikro sahibkarlar klaster daxilində tədarükçü, xidmət göstərən
və ya logistika tərəfdaşı kimi iştirak edə bilərlər. Bu onların
stabil sifariş portfeli əldə etməsinə kömək edir. Eyni zamanda
klaster vasitəsilə daha böyük bazara çıxış əldə edir. Birgə
marketinq fəaliyyəti məhsulların tanıdılmasını asanlaşdırır.
Həmçinin ortaq infrastrukturdan istifadə xərcləri azaldır. Bu model
mikro sahibkarların sürətlə böyüməsinə əlverişli şərait
yaradır.

Hansı sektorlarda klasterlərin yaradılması səmərəli
olar?

KOBİA tərəfindən ölkəmizin iqtisadi rayonları üzrə malik
olduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensialları
əsas götürülərək KOB klaster potensialının müəyyənləşdirilməsi üçün
müvafiq araşdırma aparılıb. Araşdırma göstərir ki, ölkəmizdə aqrar
emal, turizm, tullantıların təkrar emalı sahələrində KOB
klasterlərin yaradılması daha səmərəlidir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansı
sahələrdə klasterlər qurmaq olar?

Bu iqtisadi rayonlarda aqrar emal yönümlü klasterlərin
yaradılması üçün böyük potensial var. Eyni zamanda turizm və
otelçilik sahəsində klaster modeli regionun iqtisadi dirçəlişinə
töhfə verə bilər.

Azərbaycanda mövcud KOB klaster şirkətləri barədə bir
qədər ətraflı məlumat verməyinizi xahiş edirik.

Azərbaycanda artıq iki şirkətə “KOB klaster şəhadətnaməsi”
verilib. İlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti”
MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsal
edəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min ton
alma konsentratının istehsal edilməsi nəzərdə tutulur ki, bunun
üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB
klaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manat
investisiyanın 80%-i artıq zavodun fəaliyyətə başlaması üçün sərf
olunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlə
təmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləri
artıq yekunlaşmaqda və avadanlıqların quraşdırılması işləri
aparılmaqdadır.

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti”
MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları,
qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü
yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq
zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü
yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji
təmiz sürtkü yağları istehsal olunacaq. Layihə çərçivəsində
sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə
5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur.
İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması
planlaşdırılır.

Hər iki KOB klaster şirkətinin fəaliyyəti nəticəsində KOB-larla
əməkdaşlıq və birgə fəaliyyət idxalın azalmasına,
rəqabətqabiliyyətli məhsulların istehsalının genişlənməsinə, eyni
zamanda ixrac imkanlarının artmasına töhfə verəcəkdir.