
Antalya. Trend:
Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran
şəraitində, dəyərli tərəfdaş olaraq qalır.
Bu barədə Trend-ə
Avstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyindən 5-ci
Antalya Diplomatik Forumu ərəfəsində özəl şərhdə bildirilib.
“Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionlarda sabitlik
xüsusi önəm daşıyır. Ermənistan və Azərbaycan arasında sülh
prosesində əldə olunan irəliləyiş regional təhlükəsizliyin və
iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradır ki,
bu da həm region, həm də Avropa üçün faydalıdır. Bu kontekstdə
Azərbaycan Aİ və Avstriya üçün, xüsusilə böhran dövrlərində,
dəyərli tərəfdaş olaraq qalır”, – Nazirlikdən qeyd edilib.
Avstriyada hesab edilir ki, əməkdaşlığın gücləndirilməsi və
regionda normallaşma proseslərinin dəstəklənməsi sabitliyə töhfə
verə, yeni imkanlar yarada və daha geniş qlobal
qeyri-müəyyənliklərin aradan qaldırılmasına kömək edə bilər.
Qurumda həmçinin vurğulanıb ki, Avropa İttifaqı üst-üstə düşən
geosiyasi və iqtisadi böhranları nəzərə alaraq öz strategiyasını
təkmilləşdirməli, eyni zamanda əsas dəyərlərinə – demokratiya,
insan hüquqları və hüququn aliliyinə sadiq qalmalıdır.
“Xarici siyasətin effektivliyinin artırılması xüsusi əhəmiyyət
kəsb edir. Bu, ilk növbədə daha sürətli koordinasiya, “Team Europe”
yanaşması çərçivəsində vahid fəaliyyət, eləcə də təmsilçiliyin
gücləndirilməsi, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığı
təcavüzkar müharibənin dayandırılması istiqamətində səylər
kontekstində Aİ-nin xüsusi baş danışıqçısının təyin edilməsi
hesabına mümkündür. Eyni zamanda, Aİ birtərəfli addımlara meyllərin
artmasına baxmayaraq, çoxtərəfli beynəlxalq sistemi dəstəkləməyə və
modernləşdirməyə davam etməlidir”, – Nazirlikdən əlavə edilib.
Qurumun fikrincə, regional münaqişələrin iqtisadiyyat və
təhlükəsizlik sahələrində təsirlərini yumşaltmaq üçün Avropaya
çoxsəviyyəli yanaşma lazımdır. Bu yanaşma qonşu regionlarda
sabitliyin və inkişafın gücləndirilməsini, yaxın ərazilərdə
dayanıqlı tərəfdaşlıqların qurulmasını, eləcə də eyni dəyərləri
bölüşən qlobal tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsini əhatə
etməlidir.

