Blokadanı yarmağa çalışan mülki gəmilərə güc tətbiq oluna bilər – ABŞ generalı

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İranla bağlı tətbiq edilən dəniz
blokadasını yarmağa çalışan mülki gəmilərə qarşı güc tətbiq etməyə
hazır olacaq.

Trend xəbər verir
ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədri, general Den Keyn Pentaqon rəhbəri Pit Heqsetlə
birgə verdiyi mətbuat konfransında bildirib.

“Blokadanı yarmağa cəhd edəcək istənilən gəmi dənizçilərimiz
tərəfindən əvvəlcədən planlaşdırılmış taktiki tədbirlərin tətbiqi
ilə qarşılaşacaq. Bu tədbirlər həmin gəmiyə qarşı güc tətbiqini,
zərurət yaranarsa isə gəminin göyərtəsinə çıxaraq onu ələ keçirməyi
nəzərdə tutur. Bu, xəbərdarlıq atəşləri və digər addımlar da daxil
olmaqla gücün mərhələli şəkildə artırılmasını əhatə edəcək”, – deyə
o bildirib.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.