
Bakı.Trend:
İsveçrəli memar Tomas Kovari ilə Azərbaycan Memarlıq və İnşaat
Universiteti (AzMİU) SABAH qrupları məzunu Əyyub Mirzəyevin
həmmüəllif olduqları Laçın kanat yolu layihəsi Nəqliyyat, sənaye,
rabitə və mühəndis bina və qurğuları nominasiyası üzrə “Təməl”
mükafatına layiq görülüb.
Laçın kanat yolu layihəsi iki əsas stansiya binası və onları
birləşdirən dayaq sistemindən ibarət vahid memarlıq kompozisiyası
kimi formalaşdırılıb. Layihə çərçivəsində aşağı stansiya
çoxsəviyyəli məkan quruluşu ilə seçilir. Burada platforma, müşahidə
zalı və istirahət zonaları bir araya gətirilərək ziyarətçilər üçün
funksional və rahat mühit yaradılıb.
Yuxarı stansiya isə daha yığcam həcmdə layihələndirilib və
əsasən minik və enmə funksiyasını yerinə yetirir. Layihənin
memarlıq-planlaşdırma, fasad həlləri ərazinin təbii relyefi ilə
uyğunlaşdırılıb, yüngül, açıq və əlçatan məkan prinsipləri əsasında
işlənib.
Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bu layihə
müasir memarlıq yanaşmalarını funksionallıq və estetik həllərlə
birləşdirərək diqqət çəkir.
Qeyd edək ki, əldə olunan uğur Azərbaycan Memarlıq və İnşaat
Universitetinin məzunlarının peşəkar hazırlıq səviyyəsinin
göstəricisidir.


