
Bakı. Trend:
UNESCO Qəzzada təcili yardım üzrə geniş miqyaslı proqrama start
verildiyini elan edib. Proqram çərçivəsində mədəni irsin
qorunmasına 5,7 milyon dollar ayrılıb. Bu vəsait həm də təhsilin
əlçatanlığının bərpasına və yerli mediaya dəstək göstərilməsinə
yönəldiləcək.
Trend Birləşmiş
Millətlər Təşkilatının Xəbərlər Xidmətinə istinadla xəbər verir ki,
təşkilat gələcəkdə bu vəsaiti 116,5 milyon dollara çatdırmağı
planlaşdırır. Məqsəd uzunmüddətli bərpa prosesinin təmin edilməsi
və əsas ictimai institutların gücləndirilməsidir.
Müharibə nəticəsində Qəzzanın mədəni irsi ciddi zərər görüb. 164
mədəni və tarixi obyekt zədələnib, onların bir çoxu isə Fələstin
kimliyinin mühüm simvollarıdır. UNESCO Qəzzanın Köhnə şəhərində
təmir işləri aparır və dağıntıları təmizləyir. Artıq beş obyekt
möhkəmləndirilib, daha yeddisində işlər davam edir. Dağıntılar peyk
vasitəsilə izlənir, yerli mütəxəssislər isə irsin təcili qorunması
üsulları üzrə təlim keçirlər.
Təşkilat əhalinin psixoloji vəziyyətinə də diqqət yetirir.
Evlərini tərk etmiş 8 mindən çox uşaq, yeniyetmə və valideyn mədəni
və yaradıcı proqramlar vasitəsilə psixososial dəstək alıb.
Gələcəkdə 21 min nəfərə dəstək göstərilməsi və yerli rəssamlara
qrantların ayrılması nəzərdə tutulur.
Qəzzada təhsil sistemi ağır vəziyyətdədir. Ali təhsil və peşə
hazırlığı sahəsinə dəyən zərər 379 milyon dollar dəyərində
qiymətləndirilir. Kampusların 80 faizdən çoxu dağıdılıb və ya
zədələnib. Tələbələrin böyük əksəriyyəti psixoloji dəstəyə ehtiyac
duyur, müəllimlərin isə çoxunun daimi yaşayış yeri yoxdur.
Bu şəraitdə uşaqlar üçün riyaziyyat və ərəb dili üzrə oyun
əsaslı tədris proqramları həyata keçirilir, sosial-emosional
inkişaf təşəbbüsləri tətbiq olunur. Yuxarı sinif şagirdlərinə
imtahanlara hazırlaşmaq üçün 1000-dən çox planşet verilib.
Virtual kampusun yaradılması ali təhsilin qismən bərpasına imkan
verib. Artıq tələbələrin təxminən 20 faizi bu sistemə qoşulub.
Gələcəkdə 30 mindən çox insanın distant təhsil alması mümkün
olacaq. Bundan əlavə, 5 müvəqqəti tədris məkanında 13 min 800
tələbə oxuyur, onların təxminən 7 mini qadındır.
Jurnalistlərə də dəstək göstərilir. 60 faizi qadın olmaqla
1000-dən çox media əməkdaşı psixoloji yardım alıb. 200 jurnalist
üçün texniki avadanlıq alınıb. Təxminən 600 nəfər peşəkar
bacarıqlar üzrə təlim keçib.
Yaxın vaxtlarda Qəzzada daha 1000 jurnalistə kompleks dəstək
göstərilməsi planlaşdırılır.
UNESCO bildirir ki, dağıntıların miqyası uzunmüddətli beynəlxalq
dəstəyi zəruri edir. Təcili tədbirlər artıq nəticə verir, lakin
mədəniyyətin, təhsilin və medianın tam bərpası üçün əlavə dəstək
lazımdır.


