İranın Kohgiluyə və Buyir-Əhməd vilayətində 9 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları
fonunda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd
vilayətində 9 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bunu İranın Yasuc Tibb Elmləri Universitetinin
rektoru Rüqəyyə Pənahi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Kohgiluyə rayonunun Kuh Siyah ərazisində 5
nəfər ölüb, 8 nəfər yaralanıb və Buyir-Əhməd rayonunun Vəzək və
Kakan ərazilərində 4 nəfər ölüb.




Kohgiluyə rayonu qubernatoru bildirib ki, İran səmasında ABŞ-yə
məxsus F15 qırıcı təyyarəsinin vurulmasından sonra, pilotların
katapultdan istifadə edərək Kohgiluyə və Buyir-Əhməd vilayəti
ərazisinə enməsi ehtimalının irəli sürülməsi ilə ABŞ tərəfi
pilotları tapmaq üçün vilayət səmasında uçuşların sayını
artırıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.