Qarabağ zəfərinin strateji ssenarisi Apreldə yazıldı – Azər Qarayev

Baş səhifə

Bakı.Trend:

Aprel döyüşləri Azərbaycan-Ermənistan münaqişəsinin gedişində
keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və
çoxsaylı analitiklər tərəfindən sonrakı Qarabağ zəfəri üçün
strateji “açar” rolunu oynayan hadisə kimi şərh olunur.

Bunu Trend
politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, ilk növbədə, bu döyüşlər uzun illər
formalaşmış “status-kvo dəyişməzdir” yanaşmasını sarsıtdı.

“1994-cü ildən sonra cəbhə xəttində nisbi sabitlik hökm sürsə
də, 2016-cı ilin aprelində baş verən intensiv toqquşmalar göstərdi
ki, hərbi balans sabit deyil və istənilən an dəyişə bilər.
Azərbaycan Ordusunun qısa müddətdə müəyyən strateji yüksəklikləri
və mövqeləri nəzarətə götürməsi real güc nisbətinin dəyişdiyini
ortaya qoydu. Bu, həm region ölkələri, həm də beynəlxalq
vasitəçilər üçün ciddi siqnal idi.

Hərbi-strateji baxımdan Aprel döyüşləri bir növ “pilot model”
funksiyası daşıdı. Bu mərhələdə müasir texnologiyaların – xüsusilə
pilotsuz uçuş aparatlarının, kəşfiyyat və yüksək dəqiqlikli zərbə
sistemlərinin istifadəsi genişləndirildi. Əməliyyatların
planlaşdırılması və icrasında çevik qərarvermə, müxtəlif qoşun
növlərinin koordinasiyası və sürətli hücum taktikası sınaqdan
keçirildi. Bu təcrübə sonradan İkinci Qarabağ müharibəsi zamanı
daha sistemli və genişmiqyaslı şəkildə tətbiq olundu”.

A. Qarayev qeyd edib ki, Aprel döyüşlərinin digər mühüm tərəfi
psixoloji və ictimai təsiridir.

“Azərbaycan cəmiyyətində qələbəyə inam əhəmiyyətli dərəcədə
gücləndi, orduya etimad artdı. Bu, yalnız daxili motivasiya deyil,
həm də siyasi qərarların qəbulunda mühüm faktor idi. Digər
tərəfdən, Ermənistan tərəfi üçün bu hadisələr müdafiə xəttinin zəif
nöqtələrinin mövcudluğunu üzə çıxardı və təhlükəsizlik
konsepsiyasının yenidən nəzərdən keçirilməsinə səbəb oldu.
Geosiyasi müstəvidə də Aprel döyüşləri ciddi nəticələr doğurdu.
Münaqişənin “dondurulmuş” xarakter daşıdığına dair beynəlxalq
təsəvvür dəyişdi. Böyük güclər və regional aktorlar anladılar ki,
status-kvonun saxlanması uzunmüddətli perspektivdə mümkün olmaya
bilər. Bu isə həm diplomatik proseslərdə, həm də tərəflərin hərbi
hazırlıq strategiyalarında yeni dinamika yaratdı”.

Politoloq qeyd edib ki, ən vacib məqamlardan biri də ondan
ibarətdir ki, Aprel döyüşləri Azərbaycan üçün həm taktiki uğur, həm
də strateji dərs oldu.

“Bu mərhələdə əldə edilən təcrübə – kəşfiyyatın rolu,
texnologiyanın üstünlüyü, sürətli manevr və koordinasiya – 2020-ci
ildə aparılan əməliyyatların əsasını təşkil etdi. 44 günlük
müharibədə əldə edilən nəticələr təsadüfi deyil, məhz əvvəlki
illərdə, xüsusilə 2016-cı ildə formalaşmış konsepsiyanın məntiqi
davamı idi. Beləliklə, Aprel döyüşlərini yalnız lokal hərbi
toqquşma kimi qiymətləndirmək kifayət deyil. Bu hadisə
Azərbaycan-Ermənistan qarşıdurmasının gedişində dönüş nöqtəsi
olmaqla yanaşı, gələcək hərbi strategiyanın, psixoloji üstünlüyün
və siyasi iradənin formalaşmasında həlledici rol oynadı. Məhz bu
səbəbdən, o, tez-tez Qarabağ zəfərinə aparan yolun “açar mərhələsi”
kimi xarakterizə olunur”, – deyə politoloq vurğulayıb.