Manatın dollara nisbətdə sabit məzənnəsinin ləğv olunması riskləri azalıb – “ING”

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın manatının dollara nisbətdə sabit məzənnəsinin ləğvi
riskləri azalıb.

Trend bu barədə “ING Group” şirkətinə istinadən xəbər verir.

“ING” özünün son hesabatında qeyd edib ki, Azərbaycanda cari
əməliyyatlar hesabının profisiti 2025-ci ildə 3,5 milyard ABŞ
dollarına qədər azalıb. Bu, neft qiymətlərinin enməsi və idxalın
güclü artımı (qismən qızıl alışlarının artımını əks etdirir)
səbəbindən ticarət balansının sıfıra yaxınlaşması ilə
əlaqədardır.

“Bu, bizdə 2026-cı ildə cari əməliyyatlar hesabının mümkün mənfi
saldosu və valyuta bazarına potensial təzyiq ilə bağlı narahatlıq
yaradırdı. Bununla belə, Yaxın Şərqdə müharibənin başlanması və
bununla əlaqədar neft qiymətlərinin artmasından sonra manatın
dollara bağlılığının ləğvi riskləri azalıb. ING 2026-cı il üçün “Brent” markalı neft üzrə proqnozunu 20 dollar artıraraq bir barel
üçün 82 dollara çatdırdığından, biz Azərbaycanın cari əməliyyatlar
hesabının profisitinin bu il ÜDM-in 6–7%-ni təşkil edəcəyini və
manatın dollara nisbətdə sabit məzənnəsinin yaxın iki il ərzində
etibarlı qalacağını gözləyirik. Ümumilikdə, yanacaq qiymətləri üzrə
risk balansı artım istiqamətinə meyillidir”,-deyə hesabatda
bildirilir.

“ING” analitikləri vurğulayırlar ki, Azərbaycanın xarici mövqeyi
çox güclü olaraq qalır.




“Yanacaq ixracından illik gəlirlər neftin hər bareli üçün
qiymətin hər 1 dollar artımına görə təxminən 300 milyon ABŞ dolları
təşkil edir, suveren aktivlər isə – Azərbaycan Mərkəzi Bankının
ehtiyatları və Dövlət Neft Fondunun aktivləri daxil olmaqla —
ÜDM-in təxminən 115%-nə bərabərdir. Bu buferlər hakimiyyət
orqanlarına, hətta neft qiymətləri müvəqqəti olaraq bir barel üçün
60 dollar orientirindən aşağı düşdüyü hallarda belə (bazar
stressinin əvvəlki dövrlərində, o cümlədən 2020-ci ildə olduğu
kimi), AZN/USD məzənnəsini 1,70 səviyyəsində qorumağa imkan
verir”,- deyə şirkət qeyd edir.

“ING” həmçinin bildirir ki, Azərbaycan üçün fundamental
göstəricilər ümumilikdə müsbətdir: ölkənin reytinqləri inamla
investisiya səviyyəsində qalır və “Moody’s” müsbət proqnozu
saxlayır.

“Eyni zamanda, ölkə enerji daşıyıcılarının qiymətlərinin hazırkı
artımından əhəmiyyətli dərəcədə faydalanan tərəflərdən biri olaraq
qalır, çünki onun fiskal və xarici balans baxımından neft
qiymətlərinə həssaslığı yüksəkdir. Ermənistanla davam edən sülh
nizamlanması prosesi isə, son illərin irəliləyişinə əsasən, daha
çox müsbət amil kimi çıxış edir”, — hesabatda vurğulanır.

“ING” analitikləri vurğulayırlar ki, Azərbaycanın xarici mövqeyi
çox güclü olaraq qalır.