Salyanda baş verən qəzada ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub

Baş səhifə

Bakı.Trend:

Martın 11-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən
avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi “Kia
Forte” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək
nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində
olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində
ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya
yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən
hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış
keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə
səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin
edilib.

Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən
qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən
marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.




Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı
şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə
birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə
Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev
avtomobildən düşərək həmin ərazidən qara polietilen torba
götürüb.

Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol
kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini
düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna
etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb
ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti
artırmasını tələb edib.

N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən
məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni
itirərək avtomobili aşırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam
etdirilir.