Bakı. Trend:
2021–2025-ci illər ərzində dövlətlər arasında əsas silah
növlərinin ixrac və idxal göstəriciləri 2016–2020-ci illərlə
müqayisədə 9,2 faiz yüksəlib.
Trend xəbər verir ki, bu
məlumat “Stockholm International Peace Research Institute” (SIPRI)
tərəfindən yayımlanan qlobal silah ticarətinə dair yeni hesabatda
yer alıb.
Silah alışını üç dəfədən çox artıran Avropa ölkələri bu sahədə
ən iri alıcı regiona çevrilib.
Dünyanın ən böyük silah tədarükçüsü sayılan ABŞ-ın ümumi ixracı
27 faiz artıb. Bu ölkənin Avropa istiqamətində silah ixracı isə 217
faiz yüksəlib.
Hesabata əsasən, qlobal silah axınındakı bu artım 2011–2015-ci
illərdən bəri qeydə alınan ən yüksək göstəricidir.
Artımın əsas səbəblərindən biri Ukrayna və digər Avropa
ölkələrinə silah tədarükünün çoxalmasıdır. Belə ki, 2021–2025-ci
illərdə Ukraynanın payı ümumi həcmin 9,7 faizini təşkil edib.
Sənəddə qeyd olunur ki, Avropa və ABŞ istisna olmaqla, dünyanın
digər bütün regionlarında silah idxalı azalma tendensiyası
göstərib.
2021–2025-ci illərdə əsas silah növlərinin ən böyük beş
ixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub.
Həmin dövrdə ən iri beş alıcı ölkə isə Ukrayna, Hindistan,
Səudiyyə Ərəbistanı, Qətər və Pakistan hesab olunur.

